Press "Enter" to skip to content

Əslində bu görüşdən tam bir razılığın əldə edilməsi gözlənilmirdi

Yeganə Hacıyeva

Son yeniləmə: 11 Mart 2022 11:24

Yeganə Hacıyeva: Sergey Lavrovun Antalyadakı mövqeyi səbəbsiz deyil

Bayraqdar.info – “Bildiyiniz kimi martın 10-da Antalyada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş oldu. Hər iki tərəfin arzusu ilə bu görüş üçtərəfli formatda, yəni Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun da iştirakı ilə baş tutdu. Amma bu görüşdə tərəflər arasında hər hansı bir razılaşma olmadı”.

Bunu həmin görüşü bayraqdar.info üçün dəyərləndirən politoloq Yeganə Hacıyeva deyib.

Sergey Lavrovun sərgilədiyi mövqeyi dəyərləndirən politoloq öncə onu bildirib ki, əslində bu görüşdən tam bir razılığın əldə edilməsi gözlənilmirdi: “Bunun da mərkəzində Rusiyanın NATO ilə bağlı narahatlığı dayanırdı. Yəni Rusiya Ukraynanın NATO üzvü olmasını istəmir və bunun üçün qarşı tərəfin öhdəlik götürməsini tələb edir. Elə Rusiya Ukraynanı işğal etməsinə də bununla haqq qazandırmaq istəyir. Ukrayna isə hazırda öz torpaqlarını qorumağa çalışır. Bu istiqamətdə də mövcud imkanlardan cüzi də olsa yararlanmağa cəhd edir”.

Politoloq qeyd edib ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Belarusda keçirilən görüşdə tərəflər arasında bəzi müvəqqəti razılaşma əldə edilmişdi: “Bu razılaşma da kiçik humanitar dəhlizin açılması ilə bağlı idi. Amma digər məsələlərdə heç bir razılıq əldə edilmədi. Hər iki nazir Antalyaya bu əhval-ruhiyyədə getmişdi. Sergey Lavrovun Antalyada sərgilədiyi mövqeyə gəlincə deyə bilərəm ki, Moskva Qərbin onunla tezliklə iqtisadi məsələlərdə anlaşacağına inanır. Ona görə S.Lavrov Antalyada bu cür mövqe sərgilədi”.

Y.Hacıyevanın sözlərinə görə, Rusiya eyni zamanda yaxın aylarda Ukraynada mövcud hakimiyyətə qarşı xalqın etiraza qalxacağına ümid edir: “Ona görə də Rusiya bu cür mövqe sərgiləyir. Yəni Rusiya hücum nəticəsində Ukraynanı iflic vəziyyətinə salmaq, sonra da xalqın etiraza qalxması yolu ilə özünə sadiq bir şəxsin Ukraynada hakimiyyətə gəlməsini təmin etmək niyyətindədir. Həm bu, həm də Ukrayna tərəfinin də geri çəkilməməkdə israrlı olmasının fonunda Antalyada razılıq əldə edilmədi. Sadəcə ümidverici odur ki, nazirlər bir daha görüşə biləcəklərinə işarə etdilər. Ümid edək ki, tezliklə Ukraynada günahsız insanların müharibənin qurbanına çevrilmısinə son qoyulacaq”.

Mission News Theme by Compete Themes.