Son yeniləmə: 10 Mart 2022 14:22
Bayraqdar.info – Mədəniyyət Nazirliyinin 2021-ci ilin dekabr ayında elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin bədii seçim mərhələsi yekunlaşıb.
Nazirlikdən bayraqdar.info-ya bildirilib ki, müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-si növbəti mərhələyə – pitçinq mərhələsinə buraxılıb.
“Müsabiqənin pitçinq mərhələsi martın 18-də Dövlət Film Fondunda təşkil olunacaq. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə təqdim edəcəklər. Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun rəsmi yutub kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Müsabiqənin qalibləri pitçinqdən sonra Nazirliyin rəsmi internet saytında və “Mədəniyyət” qəzetində elan ediləcək.
“Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə keçirilir. Qeyd edək ki, hər qalib layihəyə ən çox 100 min manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin ümumi dəstək fondu 300 min manat təşkil edir.
“Müsabiqənin münsiflər heyətinin sədri Oleq Səfərəliyev, münsiflər heyətinin üzvləri İlqar Fəhmi, Mehriban Ələkbərzadə, Asif Rüstəmov, Şamil Süleymanov, Nadir Əliyev və Hacıbala Səfərovdur”, – deyə məlumatda bildirilir.