Press "Enter" to skip to content

Rusiya işğalçıları Mariupolda mindən çox dinc sakini öldürüb – VİDEO

Mariupol

Bayraqdar.info – Artıq 9-cu gündür Rusiya silahlı qüvvələrinin təcavüzünə məruz qalan Ukraynanın Mariupol şəhərində humanitar fəlakət yaşanmaqdadır. Mənbələrin şəhərdən veridiyi xəbərlərə görə, burada elektrik, istilik, su və qaz sistemləri fəaliyyətini dayandırıb. Artıq 7 gündür ki, şəhər tam olaraq Rusiya hərbi qüvvələrinin mühasirəsindədir.

Şəhər davamlı olaraq Grad, Smerç və Toçka U reaktiv artilleriya sistemlərinin hücumuna məruz qalır. Bir qayda olaraq Rusiya işğalçıları şəhərin dinc sakinlər yaşayan binalarını, hətta ayrı-ayrı sığınacaqları, xəstəxana və mədəniyyət obyektlərini hədəfə alır. Eyni zamanda minaatanlar və aviyasiya bombaları ilə də şəhərə davamlı həmlə edilir.

Xəbərlərdə bildirilir ki, şəhərin 135 min nəfər yaşayan bir hissəsi tamamilə dağıdılıb. Ümumilikdə isə Mariupolun əsas yaşayış binaları yaşanmaz hala gəlib.

Şəhərin əhalisinin ümumi sayı 350 mindən çoxdur ki, onların da 3 minə qədəri südəmər olmaqla 50 mindən çoxu uşaqdır. Bu uşaqlar da digər sakinlər kimi susuzluqdan, aclıqdan və birbaşa hərbi təcavüzdən əziyyət çəkir. Hələlik tam dəqiq olmayan bilgilərə görə, çox sayda insan dağıdılmış binaların xarabalıqları altında qalmaqdadır. Onları oradan çıxarmaq, yaralılara qulluq etmək, ölüləri basdırmaq isə mümkün görünmür. Çünki Rusiya ordusu hücumlara ara vermir.

İlkin və tam olmayan bilgilərə görə, şəhərdə bu günə kimi ən azı 1 min 300 nəfərin həlak olduğu müəyyən edilib.

Bir daha qeyd edək ki, bu bilgiləri şəhərdəki sakinlər mümkün vasitələrlə ictimailəşdirib. Bu xəbərə də onlardan birinin sosial media hesabında paylaşdığı videoları əlavə edirik.

Mission News Theme by Compete Themes.