Son yeniləmə: 10 Mart 2022 19:51
Telman Nüsrətoğlu: Həm Balkanlarda, həm Yaxın Şərqdə, həm də Qafqazda sabitliyin təmin edilməsi üçün mütləq Türkiyə ilə əməkdaşlıq şərt olaraq ortaya çıxır
Bayraqdar.info – “Rusiyanın Ukraynanı işğal cəhdi beynəlxalq münasibətlər sistemindəki böhranı daha da dərinləşdirib. Bu gərginlik fonunda çoxqütüblü dünyanın formalaşmasına cəhdlər var. Bu kontekstdə istər Rusiya, istərsə də Çin cəbhəsindən baxsaq Türkiyə gedərək əhəmiyyəti artan bir ölkədir. Açar geosiyasi mövqeyi, tarixi, həmçinin mədəniyyətləri qovuşdurmaq missiyası ilə Türkiyənin əhəmiyyəti hər keçən gün daha da artır”.
Bunu İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfərini bayraqdar.info üçün dəyərləndirən tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Onun sözlərinə görə “ərəb baharı” sonrasında Böyük Orta Doğu Layihəsi ortaya atılmışdı və bunun hədəflərindən biri də Türkiyə idi: “Türkiyə Suriya və İraqdakı terror dövləti layihəsini böyük ölçüdə dayandırmış oldu. Türkiyəsiz regionda heç bir ciddi hadisənin, strateji layihənin və həmlənin həyata keçirilə bilinmədiyi də bir daha ortaya çıxdı”.
T.Nüsrətoğlu burada xüsusilə Şərqi Aralıq Dənizi məsələsini vurğulmaq istədiyini bildirib: “Bu gün bilirik ki, Avropanın Rusiya qazından asılılığının azaldılması üçün alternativ arayışlar var. Bu ehtiyatlardan ən böyüyü də Şərqi Aralıq dənizində olan neft və qaz yataqlarıdır. Bir ara çalışdılar ki, Türkiyəsiz bir konsorsium formalaşdırsınlar. Amma bunun real olmadığı ABŞ-ın bu konsorsiuma dəstəyni çəkməsi ilə bir daha açıq şəkildə ortaya çıxdı. Rusiya-Ukrayna qarşıdurması isə qeyd etdiyimiz kimi, Avropanın təbii qaz asılılığı məsələsini bir daha gündəmə gətirdi”.
Müsahibimiz deyib ki, digər məsələ ondan ibarətdir ki, Türkiyəyə yönəlmiş imperialist həmlələrin heç biri uğur qazanmadı: “Digər tərəfdən həm Balkanlarda, həm Yaxın Şərqdə, həm də Qafqazda sabitliyin təmin edilməsi üçün mütləq Türkiyə ilə əməkdaşlıq şərt olaraq ortaya çıxır. Bu kontekstdə dəngənin qorunmasında Türkiyənin rolu danılmazdır. Bundan irəli gələrək, həmçinin kökü tarixin dərinliklərinə gedən Türkiyə-İsrail münasibətlərinin mövcud inkişafı baxımından səfər önəm daşıyır. Yaxın Şərqin iki önəmli ölkəsi olan Türkiyə və İsrail arasında əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması çox müsbətdir. Bu, enerji əməkdaşlığı baxımından da önəm kəsb edir”.
T.Nüsrətoğlunun qənaətinə görə Türkiyə eyni zamanda ərəb dünyası ilə İsrail arasında körpü rolunu oynaya bilər: “Bu mənada da Türkiyə açar bir ölkədir. Təbii ki, bu iki ölkə qlobal və regional problemlərin həll edilməsində də əməkdaşlıq edə biləcək. Bu mənada bu səfər önəmli, tarixi səfərlərdən biridir. Bu, Türkiyənin regionda və dünyada çəkisinin artdığını açıq şəkildə ortaya qoyan bir səfərdir.
“Azərbaycan prizmasından baxsaq biz həm İsrail, həm də Türkiyə ilə yaxın münasibətləri olan bir ölkəyik. Yəni Türkiyə ilə qardaşlıq münasibətlərimiz var. Eyni zamanda İsrail də Azərbaycanın haqlı davasına dəstək verən bir ölkədir. Bu mənada Türkiyə ilə İsrailin yaxınlaşması Azərbaycanın maraqlarına uyğun bir hadisədir”.