Press "Enter" to skip to content

Türkiyə-İsrail: Bu səfər iki ölkə arasında yeni üfüqlər açacaq

Hulusi Kılıç

Son yeniləmə: 10 Mart 2022 11:04

Hulusi Kılıç: Türkiyə ilə İsrailin əməkdaşlığı region üçün çox önəmlidir

Bayraqdar.info – “İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri tarixi səfərdir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

İsrail Prezidenti İ.Hersoqun Türkiyəyə iki günlük səfərini dəyərləndirən səfir qeyd edib ki, Türkiyə və İsrail xalqları dostdur: “İki xalqın dostluğunun kökü uzun əsrlərə gedib çıxır. 1492-ci ildə yəhudilər İspaniyadan qovulanda onlara qapılarını, evlərini açan məhz türklər olmuşdu”.

İki ölkənin əməkdaşlığına gəlincə, H.Kılıç bildirib ki, Türkiyə ilə İsrailin əməkdaşlığı region üçün çox önəmlidir: “Bu əməkdaşlıq bölgədə sülhə, iqtisadi inkişafa və tərəqqiyə imkan yaradacaq. Bu səfərdəki mesaj “keçmişdə olanları keçmişdə qoyub gələcəyə birgə addımlayacağıq” şəklindədir. Əslində, yanaşma doğrudur. Çünki keçmişin yükünü gələcəyə daşısanız, gələcəkdə yükünüz çox ağır olar. Ona görə də Türkiyə-İsrail əlaqələrində yeni, ağ bir səhifə açıldı. Bundan sonra Türkiyə ilə İsrail arasındakı əlaqələr getdikcə daha da inkişaf edəcək, güclənəcək və regionda böyük bir əməkdaşlıq havası formalaşacaq”.

Müsahibimiz səfərlə bağlı olduqca maraqlı bir ayrıntıya da toxundu: “İ.Hersoqu gətirən təyyarənin üzərindəki mesajlar çox önəmlidir. Orada ibranicə, türkcə və ingiliscə “sülh və əməkdaşlıq” sözləri yazılıb. Həmçinin zeytun budağı əks olunub. Bilirsiniz ki, zeytun budağı da sülhün rəmzi sayılır. Beləliklə, bunlar çox gözəl mesajlardır”.

Müsahibimiz qeyd edib ki, İsrail xalqının Azərbaycan xalqı ilə də çox gözəl dostluq əlaqələri var: “Bu dostluğun da dərin kökləri mövcuddur. Mən bunu yaxşı bilən birisiyəm. Beləliklə, heç şübhəsiz İsrail Prezidentinin bu səfərindən sonra regionumuzda maraqlı və gələcəyə uğurlar vəd edən üctərəfli əməkdaşlıq platforması da yaranacaq. Yəni Türkiyə-Azərbaycan-İsrail üçlüyünün mərkəzində dayanacağı əməkdaşlıq regiona inkişaf və tərəqqi vəd edir. Xüsusilə də Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu üçtərəfli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edəcək”.

H.Kılıç əlavə edib ki, bəlli bir dövrdə iki ölkə arasındakı soyuqluğa rəğmən Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsinin həcmi 8,5 miyard dollar olub: “Bu rəqəm çox önəmlidir. Qonşu ölkələrə nəzər salanda görürük ki, heç bir qonşu ölkə ilə Türkiyənin bu qədər yüksək ticarət həcmi yoxdur. Pandemiyaya rəğmən İsrailə ixracımız 2021-ci ildə 36 faiz artıb. Bu səfərdən sonra isə iki ölkə arasında kənd təsərrüfatı, enerji və hərbi sənaye sahəsində önəmli əməkdaşlıq inkişaf etdiriləcək”.

“Mən İsrail prezidentinin bir mesajına da diqqət çəkmək istəyirəm. İ.Hersoq dedi ki, “Türkiyə və İsrail hamımız üçün ev olan bu bölgədə geniş, təsirli əməkdaşlıq yaratmalıdır və yarada bilər”. Bu çox önəmlidir. Bu, həm də iki dost xalq arasındakı əlaqələrin səviyyəsini göstərir. Yəni biz əsrlər boyu bu coğrafiyada birlikdə yaşamışıq. Türkiyə Cümhurbaşqanı mətbuat konfransında Fələstin məsələsinin də gündəmə gəldiyini ifadə etdi. Fələstin, əl-Əqsa Məscidi, Qüds məsələsinin də müzakirə edildiyi bildirildi. Bu da Türkiyənin uzun illər həyata keçirdiyi siyasətin davamıdır. Ancaq Türkiyə qədər ərəb ölkələrinin də Fələstin məsələsinə diqqət ayırmasını gözləyirik. Sözlərimi tamamlayərkən, İsrail Prezidentinin Türkiyəyə etdiyi tarixi səfərin İsrail və Türkiyə xalqı üçün xeyirli olmasını arzu edirəm. Bu səfər iki ölkə arasındakı əməkdaşlıqda yeni üfüqlər açacaq”, – deyə keçmiş səfir əlavə edib.

Mission News Theme by Compete Themes.