Son yeniləmə: 9 Mart 2022 17:35
Bayraqdar.info – “Dənizin səviyyəsinin 1978-ci ildən 1995-ci ilə kimi 2,5 m-dən çox qalxması dəniz sularının çayın aşağı axınında çay yatağına dolmasına səbəb olub. Bu zaman duzlu dəniz suyu ağır olduğundan çay yatağının dibi ilə yuxarıya doğru irəliləyib. Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ gəlib”.
Bu barədə bayraqdar.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Kür çayının Salyan rayon Qaraçala kəndindən keçən qolunun tamam quruması barədə danışarkən deyib.
Qeyd edək ki, son illər Kür çayında və Xəzər dənizində suyun azalması müşahidə edilir. Hətta iş o yerə çatıb ki, Kür çayının bir qolu quruyub. ETSN-in Milli Hidrometeorologiya Xidməti bu barədə həyəcan təbili çalır. Xidmətdən bayraqdar.info-ya bildirildiyinə görə, əməkdaşlar tez-tez yerlərlə olur, çayın sululuğunu ölçürlər. Kür çayında hidroloji monitorinqlər apararaq gündəlik suyun səviyyəsini və su sərfini ölçüb gözlənilən sululuğa dair proqnozlar hazırlanaraq müvafiq qurumlara təqdim edilir.
Bayraqdar.info-ya Neftçala rayon sakinlərindən daxil olan məlumatlardan da aydın olur ki, Kür çayında suyun quruması ilə yanaşı duzlaşması da müşahidə edilir. Bu da oradan yaranır ki, indiyə qədər Kürün suyu Xəzər dənizinə tökülürdüsə, artıq son illərdə dənizin suyunun azalması və çayın suyuyla bərabərləşməsi ucbatından dənizin suyu Kürə axıb qarışır. Bu da əhalidə ciddi narazılıq doğurur. Çünki, Salyan-Neftçala, Şirvan, Sabirabad, Saatlı, Zərdab, Ucar və digər Kürqırağı rayonların sakinləri Kür çayının suyunu həm duruldub içir, həm həyət-bacalarını, həm də əkin sahələrini suvarırlar.
Həmsöhbətim A.Verdiyev bildirir ki, məsələnin ciddiliyindən dolayı AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Kür çayının suyunun quruması ilə əlaqədar olaraq Neftçala rayonunda ezamiyyətdə olublar. Məqsəd Kür çayının aşağı axınında çay və ətraf ərazilərdəki təbii-antropogen ekosistemlərdə baş verən dinamik dəyişmələri öyrənmək olub. Əraziyə səfər edən tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər.
“2021-ci ilin yayında Kür çayının aşağı axınında suyun səviyyəsinin kəskin azalması ilə əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən çayın Sabirabad, Şirvan, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində müxtəlif nöqtələrdə dərinliklər, suyun sürəti və su sərfləri ölçülüb.
“Çayın eninə və uzununa profili çıxarılıb, çayın səth və dib dərinliklərindən su nümunələri götürülüb. Tədqiqat işləri başa çatdıqdan sonra hesablamalar və təhlillər aparılaraq yekunda təkliflər hazırlanıb. Hazırda çaylarda azsulu dövr müşahidə olunur. Dağlıq ərazilərə yağıntının qar şəklində yağması nəticəsində bu dövrdə çaylarda sululuq azalır”, – deyə A.Verdiyev bildirir.
Baş hidroloq deyir ki, 2022-ci ildə aparılan monitorinqlərin nəticələrinə əsasən fevral ayında Kür çayının aşağı axınında suyun səviyyəsi azalaraq Surra hidroloji məntəqəsində 59 sm, Şirvanda 56 sm, Salyanda 121 sm, Bankədə isə 19 sm azalıb:
“Adətən aprel ayından başlayaraq iyun ayınadək havanın temperaturunun artması, dağlıq ərazilərdə qarın tədricən əriməsi və yağan yağışlar nəticəsində çaylarda sululuq artaraq gursululuq dövrü müşahidə olunur. Həmin dövrdə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə mart ayının ilk günlərindən başlayaraq Böyük və Kiçik Qafqazın, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərinə 5 qrupdan ibarət ekspedisiya təşkil olunaraq 31 marşrut üzrə qarölçmə işləri yerinə yetiriləcək. Qarölçmə işləri başa çatdıqdan sonra gözlənilən fəsillik hava proqnozu da nəzərə alınmaqla hesablamalar və təhlillər aparılaraq mart ayının sonunda yaz-yay gursululuq dövrünün proqnozu hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək”.
Baş hidroloqun sözlərinə görə, Kür çayında suyun kəskin azalmasına təsir edən amillərdən ən əsası iqlim dəyişikliyidir:
“Havanın temperaturunun artması və yağıntının miqdarının azalması nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalıb. Transsərhəd suların qonşu ölkələrin ərazisində istifadəsi nəticəsində onların ölkəmizə daxil olan hissəsində də xeyli azalma müşahidə olunur. Ölkə əhalisinin artması, iqtisadiyyat sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi də suya təlabatı artırır. İqlim dəyişmələri ilə əlqədar həmçinin qışda temperatur artır. Bu səbəbdən Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində şaxtalı günlərin sayı azalır. Nəticədə müəyyən yüksəkliklərə qədər ərazilərə yağan qar əriyir, yaz-yay gursululuq dövründə çaylarda sululuq normadan aşağı olur”.
A.Verdiyevin sözlərinə görə,, Kür çayında suyun azalmasında başlıca faktorlardan biri də çay hövzəsində aparılan düşünülməmiş, elmi cəhətdən əsaslandırılmamış, ekoloji cəhətdən tədqiq edilməmiş antropogen təsirlərdir. Bunlara aşağıdakılar aiddir:
1. Lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması;
2. Kür çayının deltasında balıq yetişdirmək üçün geniş imkanların olmasına baxmayaraq Kür-Araz ovalığının daxili hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq gölməçələrinin yaradılması;
3. Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının tikilməsi ilə çayın aşağı axınında suyun azalması;
4. Qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı gətirmələrin təbii dinamiki vəziyyətinin pozulması;
5. Antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin dəyişməsi;
6. Çay suyundan özbaşına su götürülmələri və s.
Bütün bu səbəblər yaxın illərdə vəziyyətin düzələcəyini vəd etmir. 2022-ci ilin isti dövründə yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə Kür ətrafının sakinləri içməli su qıtlığından yenə də əziyyət çəkəcəklər.