Son yeniləmə: 9 Mart 2022 15:11
Bayraqdar.info – Prezident İlham Əliyev martın 9-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Prezident bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu məmnunluqla xatırladıb. Bu münasibətlə Böyük Britaniyanın Baş naziri Boris Conson tərəfindən ona ünvanlanmış səmimi məktubu xüsusilə qeyd edib və özünün də Böyük Britaniyanın Baş nazirinə diplomatik münasibətlərin 30 illiyi münasibətilə səmimi məktub göndərdiyini deyib.
“Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında qarşılıqlı inam və etimadın olduğunu qeyd edib.
“İ.Əliyev Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyata ən böyük sərmayə qoyan ölkə olduğunu bildirib. İqtisadi, ticarət əlaqələrinin genişlənməsini, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP-nin ölkəmizdə uğurlu fəaliyyətini xüsusilə vurğulayıb.
“Prezident Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini qeyd edib.
“Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi B.E.Nikolson diplomatik münasibətlərin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini məmnunluqla vurğulayıb və bu münasibətlə Böyük Britaniya Baş nazirinin dövlətimizin başçısına ünvanlandığı məktuba diqqət çəkib.
“Baronessa iqtisadi, ticarət, enerji sahələrində ölkələrimiz arasında əməkdaşlıq və bu xüsusda BP-nin Azərbaycandakı fəaliyyəti və onun genişləndirilməsi, BP ilə Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlığının inkişaf etdirilməsi məsələlərinə toxunub.
“İ.Əliyev BP ilə də enerji sahəsindəki ənənəvi əməkdaşlığa əsaslanaraq bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Görüşdə regional məsələlər və Ukrayna ətrafında cərəyan edən hadisələr müzakirə olunub”, – deyə məlumatda bildirilir.