Son yeniləmə: 9 Mart 2022 16:55
Bayraqar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 36-yə çatıb.
Bu barədə bayraqdar.info-ya martın 9-da KOBİA-dan bildirilib.
Qeyd edilib ki, “Startap” şəhadətnaməsi “Push 30” MMC-nin idman zallarının xidmətlərinin satışı üzrə vasitəçilik edən onlayn platforma və mobil tətbiq (www.push30.az), “G-khan” MMC-nin müstəqil kuryerlər və sifarişçilər arasında vasitəçi xidməti (www.11delivery.com), “Clickusta” MMC-nin mobil telefon təmiri xidmətlərinin onlayn təşkili ilə bağlı vasitəçi xidməti (www.clickusta.az) və “Otobaza Azerbaijan” MMC-nin avtomobil ehtiyat hissələri üçün marketpleys (www.otobaza.com) layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi