Bayraqdar.info – 8 Mart – Beynəlxalq Qadınlar Günü bitsə də təəssüratlar bitmədi. Günü yadda qalan edən isə həmin gün kişilərin qadınlara bağışladığı hədiyyələr və güllər oldu. Hədiyyələri hərənin öz ixtiyarına buraxıb güllərdən danışmaq istəyirəm.
Onu qeyd edim ki, gülləri sevməyən qadın tapmaq mümkün deyil. “Gül gülə yaraşar” deyimi ilə yanaşsaq, çiçəklər qadınlara çox yaraşır. Amma gülləri əziz qadınlarına hədiyyə etməyə cəhd etmək üçün ciblərini sıxan kişilər alverçilərin dəhşətli tamahkarlıqları qarşısında şok olurdular. Heç vaxt 7-8 mart tarixlərində gül dükanlarına üz tutmamışam. Çünki həmin günlərdə gül alverçilərinin “qaz vurub qazan doldurmaq” uğrunda mübarizələri haqqında çox eşitmişdim.
Martın 7-də məhəllədəki qarajda gül buketlərinin bağlandığını görüb həm dizayn, həm də təbii ki, qiymətlərlə maraqlanmaq üçün yaxınlaşdım. Gülləri dəstələyib bağlayan satıcı onları kağız zənbillərə yığa-yığa məlumat verdi: “Bu gördüyünüz kağız zənbillər güllərin sayından və növündən asılı olaraq 15-20 manat arası dəyişir. Dibçək güllər isə 25-30 manatdır”.
“Nizami” metrosundan Füzuli meydanı istiqamətində yol kənarında satılan güllərlə maraqlanan kim, alıb aparan kim. Burada güllər həm səbətlərdə, balaca kağız zənbillərdə, həm də buket şəklində dizayn olunub. Yəqin ki, 8 mart günü güllərin qiymətinin 2-3 qat bahalaşacağını anlayan gül alıcıları bu işi bir gün əvvəldən görməklə işlərini ehtiyatlı tutublar.
8 Mart – Azərbycanda və dünyada güllərin ən çox satıldığı gün. Qonaq dəvət edildiyim xanıma aldığım maraqlı hədiyyənin üstünə gül dəstəsi də alıb qoymaq fikri ilə evdən bir az tez çıxdım ki, gül dükanlarına baş çəkim.
Yolumu “Nizami” metrosu tərəfdəki böyük gül dükanına saldım. Güllərin qiyməti od tutub yanırdı. Adi günlərdə bir ədədi 5 manata satılan qızılgüllər 9 manata, zanbaqlar 4 manata, çöl güllərinin bir ədədi 4 manata, mavi, boynubükük bənövşələrin isə bir ədədi 2 manata satılırdı. Satıcıların güllərə nə qədər gəlir mənbəyi kimi baxdıqları onların müştərilərlə rəftarından, güllərə tamah nəzəri ilə baxdıqlarından, müştərilərə parıldayan gözlərlə baxmaqlarıından dərhal hiss olunurdu.
Bu arada bəzi gənc oğlanlara bir tövsiyəm: əgər cibinizdə pulunuz azdırsa, yanınızda da xanım varsa, gül dükanına yaxınlaşmayın. Bunu yazmağa məni bir neçə gül dükanında müşahidə etdiyim güllərə baxa-baxa udqunan və pis durumda qalmış gənc oğlanların vəziyyəti vadar etdi.
Satıcıların da ki, Allah insaflarını kəssin, insaf yoxdur ki…
Gül mağazasının müdiri kimi davranan iri cüssəli cavan oğlan 5-6 nəfər gəncə gül bağlatdırır, buketlər, çiçək dolu zənbillər, səbətlər hazırlatdıraraq mağazanın içərisinə düzə-düzə qiymətləri soruşanlara cavab verirdi. “Bu buket 35 manatadır. O biri 45 manat, hansını istəyirsiniz?” deyən satıcı sanki gül almağa imkanı olmayanlara “almırsansa, get də, nə durub baxırsan, yeri dar edirsən” rəftarı ilə yanaşırdı. Güllərə baxıb göydə uçan qiymətlərlə tanış olub gül mağazasını tərk edirəm.
“Elmlər Akademiyası” metrosunun qarşısında da gülsatanların şıdırğı alveri gedirdi. Burada qiymətlər daha münasibdir. Qızılgülün bir ədədi 7 manata, dibçək güllərindən Orxideya 35-45 manata, zanbaqlar bir ədədi 3 manata və Nərgiz gülü 2 manata satılır. Çöl güllərinin bir ədədi isə burada 3-4 manat arası dəyişirdi. Güllərin çox satılmasından anlaşılırdı ki, burada qiymətlər digər yerlərlə müqayisədə daha uyğundur.
“Space” telekanalı ilə üzbəüz ərazidə də gülsatanlar məskunlaşıb. Gülləri səliqə, sevgi və diqqətlə dəstələyən satıcının halından onlara xüsusi yanaşdığı hiss olunur. Güllərin qiyməti ilə maraqlanıram. Demək olar ki, buketlər və dibçək gülləri satılıb qurtarıb. Burada da buketlər 35 manatdan başlayır və üzü yuxarı. Mənə tərəf boylanan çöl güllərindən biri diqqətimi çəkir. Gözəlliyi ilə göz qamaşdıran çiçəklərə günəşin qızılı şəfəqləri dəydikcə daha da açılır, gözəlləşirlər.
Əlimdəki çiçəklə gül satılan yerdən aralanıram. Şəhərdə isə vurhavurdur. Gül dükanlarındakı bir günə bir avtomobilin pulunu qazanmağa çalışan tamahkar satıcıların simasını yaddaşına həkk edib əlindəki 51 ədəd qızılgüllə sevdiyi xanımın görüşünə tələsən kim, 1 ədəd qızılgüllə qəlbini sevindirdiyi xanımı ilə şəhərdə gəzişən kim, gül dibçəyi ilə anasını təbrik etməyə yollanan kim…
Bakı 8 martı belə qeyd etdi. Geriyə isə gül satılan yerlərdə güllərdən yerə tökülən ləçəklər və bir də asfaltın tən ortasına kiminsə buketindən qırılıb düşmüş bir ədəd qızılgül qaldı…