Son yeniləmə: 9 Mart 2022 15:54
Bayraqdar.info – Rusiyanın Ukraynaya təcavüzü həm də yaxın qonşuların davranışlarını diqqət mərkəzinə gətirib. Azərbaycan Rusiya ilə bərabər Ukraynayla da yaxın münasibətlərdə olan bir dövlət kimi maksimum neytral davranır, tərəflərin münasibətləri döyüş meydanında deyil, masa arxasında çözməsinə töhfə verməyə çalışır. Eyni qaydada Orta Asiya dövlətləri də neytrallıq nümayiş etdirir.
Əlbəttə, ictimai rəy bəzən rəsmi dövlət mövqeyindən fərqlənir. Bu da başadüşüləndir. Çünki Azərbaycan fikir plüralizminin və ifadə azadlığının Konstitusiya ilə təmin edildiyi ölkədir. Bu baxımdan vətəndaşların-fərdlərin özünü sərbəst ifadə etməsi heç bir problem kimi təqdim edilə bilməz. Əsas məsələ, dediyimiz kimi, dövlətdir, onun da mövqeyi olduqca aydın və birmənalıdır. Yəni elə bir mövqe sərgilənir ki, bundan nə təcavüzə məruz qalan Ukrayna, nə də bu ölkəylə münasibətlərini açıq hərbi təcavüzlə çözməyə çalışan Rusiya inciyə bilməz.
Lakin Azərbaycandan fərqli olaraq qonşu Ermənistan yenə də adəti üzrə sağ göstərib sol vurmaqla məşğuldur. Bunu da biz deyil, elə həmin ölkənin mediası yazır, üzdə olan ictimai-siyasi xadimləri dilə gətirir.
Görün, Ermənistanda nəşr edilən “Hraparak” qəzeti nə yazır: “Rusiya Ermənistanın anti-Rusiya davranışına görə narahatdır və hesab edir ki, Respublikanın hakimiyyəti gizli şəkildə Avropa və ABŞ-la işlər çevirməkdədir. Əldə olan informasiyaya görə, Rusiyanın güc strukturları özəlliklə də hakimiyyət təmsilçilərinin Rusiya-Ukrayna münaqişəsinə münasibətdə özlərini necə apardığını müəyyən etmək üçün Ermənistan mediasını fəal şəkildə müşahidə edir. Eyni qaydada dövlət mediasının məzmunu da izlənilir. Müşahidələrin nəticəsi olaraq gündəlik arayışlar tərtib edilir və Ermənistan hakimiyyətinə göndərilir. Bunlar da hakimiyyətin Ermənistanda anti-Rusiya təbliğatına dəstək verməsinin və hakimiyyət təmsilçilərinin Rusiya əleyhinə fikirlərinin sübutu kimi Baş nazir Nikol Paşinyanın masasının üzərinə yatırılır. Hər bir bənzər halda təcili tədbirlər görmək və günahkarları cəzalandırmaq təklif edilir. Rusiya bundan belə N.Paşinyanın ikili oynamasına dözmək fikrində deyil və loyallığın, həm də müttəfiqliyin təsdiqini tələb edir”.
Bir daha qeyd edirik, bizim sözlərimiz deyil. Ermənistan ictimai rəyində özünəməxsus çəkisi olan bir erməni qəzetinin yazısıdır. Bunu həm də ümumi ictimai rəyin inikası kimi qəbul etmək olar. Yəni Ermənistan ictimai rəyi də Rusiya kimi düşünür: Ermənistan hakimiyyəti şakərinə uyğun olaraq ikili oynayır. Obrazlı desək, nə yardan doyur, nə əldən qoyur.
Yardan doymaq məsələsinə gəlincə, biz bu sətirləri yazmaqdaykən N.Paşinyan Fransada rəsmi dövlət səfərindədir. Bu səfərin də məhz belə qarışıq günlərdə gerçəkləşməsi “Hraparak” qəzetinin yazdıqlarının daha bir təsdiqidir. Yəni Rusiya N.Paşinyan və bütövlükdə Ermənistan hakimiyyətindən şübhələnməkdə səhv etmir. İstər-istəməz sual yaranır: necə olur ki, Rusiya bütün Avropa ilə qarşıdurmada olduğu bu qarışıq günlərdə onun müttəfiqi Ermənistanın Baş naziri özəlliklə də Fransaya səfər etmək qərarına gəlir? Əlbəttə, kimsə çıxıb deyə bilər ki, səfər çoxdan planlaşdırılıb. Mümkündür. Lakin unutmayaq ki, belə hallarda dövlətlərin (hökumətlərin) rəhbərləri həssaslığı nəzərə alıb planlarını bir balaca dəyişirlər ki, davranışları şübhə doğurmasın. Amma görünən odur ki, Ermənistan Baş naziri nəinki planlarını dəyişməyib, üstəlik ölkəsinin mövcudluğunun əsas səbəbkarı olan müttəfiqi Rusiyanı saya salmadan öz bildiyini edib.
Təkrar qeyd etmək istərdik: Azərbaycan üçün Rusiya ilə Ukrayna arasında münasibətlərin məhz hazırkı qanlı-silahlı müstəvidə aydınlaşdırılması məqbul deyil. Lakin hər iki dövlətlə çox yaxın münasibətlərin olması baxımından tərəf tutmaq da düzgün olmazdı. O baxımdan Azərbaycan neytrallığını qorumaqla yanaşı hər iki dövlətə mümkün təsirləri etməyə, onların münasibətləri masa arxasında çözməsinə səbəb olmağa çalışmaqdadır. Ermənistan hakimiyyəti isə bir tərəfdə Rusiyanın təcavüzünə açıq dəstək üçün insanları küçələrə çıxarır, digər tərəfdən də müttəfiqinin gərgin münasibətdə olduğu Fransaya səfəri məhz bu günlərdə gerçəkləşdirir. Yəni bir əldə iki qarpız tutmağa çalışır ki, bu da onun ən yaxın havadarı-himayədarı Rusiyanın diqqətindən yayına bilməz. Əlbəttə, belə bir davranış istənilən halda dövlətin və onun siyasi rəhbərliyinin güvənlilik məsələsini kölgə altına salmaq üçün tutarlı amildir.
Ermənistanın belə davranışlarına təəccüblənirikmi? Təbii ki, yox…