Press "Enter" to skip to content

Azərbaycan səfiri ilk dəfə Kərkükdə

Son yeniləmə: 9 Mart 2022 09:13

Nəsir Məmmdəov: Kərküklülər azərbaycanlıların qardaşlarıdır

Bayraqdar.info – Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Kərkükə səfər edib. Səfər zamanı İraq Türkmən Cəbhəsini (İTC) ziyarət edən səfir orada qurumun başqanı Hasan Turanla görüşüb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumatda qeyd edilib ki, görüşdən sonra H.Turan media təmsilçilıri üçün mətbuat kofransı keçirib.

Mətbuat konfransında o, səfir N.Məmmədovun Kərkükə səfərindən məmnun olduqlarını vurğulayıb.

İlk dəfədir ki, bir Azərbaycan səfirinin Kərkükə səfər etdiyinə diqqət çəkən H.Turan “İlk olan səfər bizi həddindən ziyadə sevindirib. Bu, ilk səfərdir və sonuncu da olmamalıdır”, – deyib.

İraqda türkmənlərin yurdu olan Kərkükün əsrlərdir türk kimliyini qoruduğunu deyən H.Turan şəhərin başda Azərbaycan olmaqla türk dünyası ilə əlaqələrini kəsmədiyini bildirib.

Azərbaycan dövlətindən türkmənlərə təhsil dəstəyi və Kərkükə yatırım qoyulmasını gözlədiklərini deyən İTC başqanı daha sonra bildirib: “Türkmən tələbələr üçün təhsil təqaüdünün verilməsi, türkmənlər üçün Azərbaycana girişin asanlaşdırılmasını istəyirik”.

Türk dünyası arasındakı məsafələrin aradan qaldırılmasının lazım olduğunu da deyən H.Turan mədəniyyətlərin yenidən yaxınlaşmasını və kərküklülərin şəhərdə Azərbaycan mədəniyyət mərkəzi görmək istədiklərini qeyd edib.

Səfir N.Məmmədov isə öncə İraqla Azərbaycan arasında uzun tarixə əsaslanan yaxşı münasibətlərin olduğunu bildirib.

İki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinin lazım olduğunu qeyd edən N.Məmmədov, Azərbaycan şəhərləri ilə başda Kərkük olmaqla İraq şəhərləri arasında yaxşı və məhsuldar əlaqələr qurmağı hədəflədiklərini söyləyib.

Kərkükə səfər edən ilk Azərbaycan səfiri kimi özünü xoşbəxt hiss etdiyini deyən N.Məmmədov Kərkük əhalisinin azərbaycanlıların qardaşı olduğunu vurğulayıb.

Səfir həmçinin yaxın vaxtlarda açılacaq Beynəlxalq Kərkük Hava Limanına Azərbaycandan uçuşların həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Mission News Theme by Compete Themes.