Press "Enter" to skip to content

Türkiyə-İsrail: 19 ildən sonra

Son yeniləmə: 9 Mart 2022 22:08

Əlaqələrdə yeni dönəm başlayır

Bayraqdar.info – Artıq bir neçə saatdır ki, bütün dünyanın gözü qardaş Türkiyədə, daha doğrusu Ankaradadır. Bu da səbəbsiz deyil.

Belə ki, Türkiyəyə 19 ildən sonra İsraildən prezident səviyyəsində səfər gerçəkləşib. İsrail Prezidenti İshaq Hersoq iki günlük rəsmi səfərlə Türkiyəyə gəlib.

Xatırladaq ki, İsraildən Prezident səviyyəsində Türkiyəyə son səfər 2003-cü ildə reallaşmışdı. Həmin il İsrail Prezidenti Moşe Katsavı dönəmin Türkiyə Cümhurbaşqanı Ahmet Necdet Sezer qarşılamışdı.

Mərmərə gərginliyi geridə qaldı

İsraildən Türkiyəyə yüksək rütbətli növbəti rəsmi səfər isə 2008-ci ildə baş tutmuşdu. Həmin vaxt İsrail baş naziri olan Ehud Olmert dönəmin Cümhurbaşqanı Abdullah Gül və baş nazir Recep Tayyip Erdoğanla görüşmüşdü.

2010-cu ildə Mərmərə gəmisi ilə bağlı baş verən hadisələrdən sonra tərəflər arasında uzun müddət gərginlik hökm sürmüşdü.

Lakin artıq bu gərginlik arxada qalıb. Beləliklə, martın 9-da İsrail Prezidenti İshaq Hersoqun Beştepedəki Cümhurbaşqanlığı Külliyesində rəsmi qarşılanma mərasimi olub. Recep Tayyip Erdoğan tərəfindən qarşılanan qonaq öz razılığını ifadə edib.

Beştepedə səmimi qarşılanma

Türkiyə mediasının məlumatına əsasən İshaq Hersoq bu cür səmimi qəbula görə R.T.Erdoğana minnətdarlıq edib. O, daha sonra “Mən regionumuzdakı bütün xalqların, inancların və dövlətlərin sülh şəraitində yaşaya biləcəyinə və yaşamasının vacib olduğuna, tərəfdaşlıqların hamımıza bolluq və firavanlıq gətirəcəyinə inanıram” deyib.

İki lider arasında təkbətək görüşdən sonra mətbuat konfransı keçirilib. Konfransda hər iki dövlət başçısı regional və qlobal proseslər, enerji sahəsində əməkdaşlıq, həmçinin digər məsələlərlə bağlı maraqlı və vacib mesajlar verib.

İsrail Prezidenti Nazim Hikmət yaradıcılığından misal gətirib

Öz növbəsində bu açıqlamaları dəyərləndirən yerli ekspertlər səfəri Türkiyə-İsrail əlaqələrində yeni dönəmin başlanğıcı kimi qiymətləndiriblər.

Onu da qeyd edək ki, İsrail Prezidentinin mətbuat kofransında böyük türk şairi Nazim Hikmətin “Yaşamaya dair” adlı şeirindən misal gətirməsi və R.T.Erdoğana üzünü tutaraq “sayın Cümhurbaşqanı, bu gün şairin dediyi kimiyik və birlikdə daha anlamlı bir yaşam seçirik” deməsi maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.