Son yeniləmə: 8 Mart 2022 15:03
Yaxud Beynəlxalq Qadınlar Günündə dünyadakı xoşbəxt və bədbəxt qadınlar haqqında düşüncələr
Bayraqdar.info – Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Dünyanın demək olar ki, bütün nöqtələrində bu gün münasibətilə müxtəlif tədbirlər keçirilir. Bəlli ölkələr də var ki, xanımlara verilən yüksək dəyərin nümunəsi kimi 8 mart həmin ölkələrdə dövlət səviyyəsində bayram kimi qeyd olunur. Belə ölkələrdən biri də Azərbaycandır.
Azərbaycan qadını hərtərəfli diqqət və qayğı ilə əhatə olunub
Azərbaycanda ümumiyyətlə uğurlu qadın siyasətinin həyata keçirildiyi, zərif cinsin nümayəndələrinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərildiyi hər kəsə bəllidir. Bu cür diqqət və qayğı ilə əhatə olunan Azərbaycan qadını öz növbəsində fəallığı və vətənpərvərliyi ilə fərqlənir, bütün ictimai-siyasi proseslərdə ön sırada gedir.
Bu gün Azərbaycan qadınının Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva kimi nümunəvi təmsilçisi var. Elə bir təmsilçi ki, onun səmərəli və çoxşaxəli fəaliyyəti milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır.
Bu danılmaz bir həqiqətdir ki, M.Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Bir sözlə, Mehriban xanımın timsalında dünya birliyi Azərbaycan qadınının necə böyük uğurlar əldə edə biləcəyinin şahidi olur.
Azərbaycan qadını qəhrəmanlıq ənənəsinə sadiqlik nümayiş etdirir
Bu məqamda onu da qeyd edək ki, Azərbaycan qadını eyni zamanda keçmişdən gələn qəhrəmanlıq ənənəsinə sadiqlik nümayiş etdirir. Azərbaycan qadını nənələri, ulu nənələri kimi həm qəhrəman övladlar yetişdirir, həm də yeri gələndə öz qardaşı, əri, oğlu, atası ilə çiyin-çiyinə dayanaraq Vətənini yağı düşməndən qorumaq, torpaqlarını işğaldan azad etmək üçün misilsiz qəhrəmanlıq göstərir.
Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində bir daha bunun şahidi olduq. Həmin Qələbəyə öz töhfəsini verən Azərbaycan qadını gələcəyə inamla baxır. Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində bəyan edildiyi kimi, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir.
Amma dünyanın heç də hər yerində qadınlar xoşbəxt deyillər
Bütün bunları sadalamaqla qeyd etməyi özümüzə borc bilirik ki, Azərbaycan qadını 8 Mart – Beynəlxalq Qadınlar Gününü uğurla, alnıaçıq və sevinclə qeyd edir. Amma təəssüflər olsun ki, heç də dünyanın hər yerində qadınlar Azərbaycan qadınlarının malik olduğu xoşbəxtliyi yaşaya bilmirlər. Heç uzağa getməyək. Ukraynada son 13 gündə yaşanan vəhşət oradakı zərif cinsin bütün yaşdan olan nümayəndələrinin hansı zülmlərə məruz qaldığını ortaya qoyub.
Bəlli olduğu kimi, Ukrayna torpaqlarının işğalı bu ölkədən iki milyona yaxın insanın qaçqın düşməsinə yol açıb. Nə qədər ağır olsa da həmin qaçqınların içərisində qadın və uşaqların sayı çoxdur.
Bununla bağlı martın 7-də açıqlama verən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Son 11 bir gün ərzində İkinci Dünya müharibəsindən sonra bu sayda qaçqın gördük. Söhbət Ukraynadakı qaçqınlardan gedir” deyə vurğulayıb.
Göründüyü kimi burada əsas zərbə məhz qadınlara dəyir. Əvvəla, onların özləri dinc həyatdan məhrum olaraq doğma yurd-yuvalarını tərk edirlər. İkincisi, bir tərəfdən o qaçqın düşən uşaqlar da hansısa ananın övladlarıdır və bu da ukraynalı analara daha bir müharibə zərbəsidir. Üçüncüsü, o qaçqın düşən analar, bacılar, qızlar geridə qoyduğu, hər an ölümlə baş-başa qalan ata, oğul, qardaş, ər, nişanlı ilə bir daha görüşüb-görüşməyəcəyini də bilmir.
Vəhşi Qərbin soyuq üzü
Amma o qadınları, qızları, anaları bundan da dəhşətli bir təhlükə gözləyir. Yazının başlığında qeyd etdiyimiz vəhşi Qərbin zərif cinsin nümayəndələri və uşaqlar üçün hazırladığı dəhşətli bir gələcək. Kim bilir, bəlkə də bu gün Ukraynadan qaçqın düşən xanımların, qızların böyük bir qismi, o cümlədən uşaqların hansısa bir hissəsi o bəladan yan qaça biləcək. Amma bunu onların heç də hamısı haqqında demək olmaz.
Yəqin dəyərli oxucular bu bəlanın nədən ibarət olması barədə düşünür. Söhbət insan alveri və orqan alverindən gedir. Bununla bağlı ayrıntılara keçməzdən öncə bildirək ki, bu gün Ukrayna xalqı Qərbin növbəti iyrənc oyununun qurbanı oldu. Bəli, məhz Qərb öz qaranlıq maraqlarına bu dəfə də Ukraynanı qurban etdi və bu ölkəni Rusiyanın qarşısında tək qoydu. Nəticədə bu gün Ukraynada yaşananlar bir insanlıq dramıdır. Eyni zamanda bu dramın özündə başqa bir qaranlıq, dəhşətli məqam gizlənir. Qadınlar günü ilə bağlı yazımızı bu məqamla tamamlamaq istəməyimiz isə heç də təsadüfi deyil.
Qeyd edildiyi kimi, bu gün Ukraynadan qaçqın düşənlərin böyük əksəriyyəti qadınlar və uşaqlardır. Bu isə Ukraynadan olan zərif cinsin nümayəndələrinin gələcəkdə daha dəhşətli bəlalara düçar ola biləcəyi təhlükəsindən xəbər verir. Nə qədər acı olsa da, biz yaxın bir neçə ildən sonra BMT-nin, digər beynəlxalq qurumların hesabatlarında bir ucu Ukraynaya bağlı olan dəhşətli statistikalara rast gələ bilərik. Böyük ehtimalla həmin hesabatlarda “Dünyada orqan mafiyasının gəlirləri son illər ərzində daha da artıb ki, burada da Ukraynada olaylar nəticəsində qaçqın düşən, yaxud oğurlanan uşaqlar mühüm rol oynayıb”, yaxud da, “Dünyada qadınların cinsi istismara məruz qalması vasitəsilə qazanc əldə edən şəbəkələrin qazancı artıb” kimi məlumatlar öz əksini tapacaq.
Ukrayna-Rusiya müharibəsinin baş verməsində həmin o beynəlxalq orqan mafiyasının, yaxud da qadınların zorla cinsi istismara məruz qoyulması ilə milyonlar qazanan iyrənc şəbəkənin də rolunun olduğu şübhə doğurmur. Görünən odur ki, bir zamanlar Suriya, İraq, Liviyada tətbiq etdikləri “daha çox müharibə daha çox başsız qalmış qadın və qız, daha çox ələ keçirilə bilinəcək kimsəsiz uşaq deməkdir” prinsipini indi də Ukraynada tətbiq edirlər.
Lakin bütün hallarda həyat davam edir. Biz də bu yazıya dünyadakı bütün qadınların azacıq da olsa xoşbəxt yaşaması arzusu ilə nöqtə qoyuruq.