Son yeniləmə: 8 Mart 2022 11:50
Bayraqdar.info – Azərkitab kitab Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Dünyanın sevgi payı qadınlar” adlı sərgi-tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin dəstəyi ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya martın 8-də layihənin rəhbəri Elnurə İsgəndərova məlumat verib.
Onun sözlərinə görə, qonaqlar əvvəlcə sərgi iştirakçılarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra başlanan rəsmi hissədə öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev Elnurə və Aygün İsgəndərovaların rəhbər və təşkilatçı olduqları “Dünyanın sevgi payı qadınlar” layihəsində iştirak edən hər bir rəssama minnətdarlığını bildirib. Sərgidə nümayiş etdirilən rəsmlərin yüksək peşəkarlıqla hazırlandığını bildirən M.Əliyev əsərlərin böyük maraqla qarşılandığını qeyd edib.
Çıxış edən şəhidin anası Həbibə Məmmədova şəhid ailələrinə, qazi və veteranlara həm dövlət, həm də cəmiyyət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. O, çıxışında gənc rəssamlara yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmov isə öz növbəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirdə iştirak edən xanım rəssamları təbrik edib, ölkəmizin inkişafında qadınların rolununun xüsusi yer tutduğunu bildirib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev isə qadınların cəmiyyətin bütün sahələrində aktiv fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
Layihənin rəhbəri Elnurə İsgəndərova sərgidə iştirak edən rəssamların öz sahələri üzrə fərqləndiklərini bildirib. O, nümayiş etdirilən rəsm əsərlərinin xüsusi seçildiyini nəzərə çatdırıb və sərginin müvəffəqiyyətlə yekunlaşmasına görə rəssamları tədbir edib.
Tədbirdə çıxış edən digər natiqlər də xanım rəssamları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıblar.
Qeyd edək ki, şəhid Rəcəb Məmmədovun bacısı, gənc rəssam Aytən Məmmədovanın sərgidə nümayiş etdirilən əsəri qonaqların xüsusi diqqətini cəlb edib.
Tədbirin sonunda rəssamlar nümayiş etdirilən əsərlərdən ibarət xüsusi hazırlanmış kataloq və diplomla təltif olunublar.