Son yeniləmə: 7 Mart 2022 19:05
Rusiya Müdafiə Nazirliyi tərəfindən verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir
Bayraqdar.info – Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya martın 7-də bildirilib ki, məlumatda daha sonra vurğulanıb: “Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilib. Eyni zamanda, iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunub.
“Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub.
“Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycanda mövcud olmayan inzibati ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır”.