Press "Enter" to skip to content

Klara Setkindən bu günə qadın hüquqları

Yeganə Hacıyeva

Son yeniləmə: 7 Mart 2022 13:29

Yeganə Hacıyeva: Qlobal səviyyədə radikal feminizmin inkişafı üçün edilən səylər ənənəvi feminist təsəvvürlərin sıradan çıxması ilə nəticələnir

Bayraqdar.info – “Öncə onu qeyd edim ki, feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin qəbul edilməsindən dolayı meydana çıxıb. Hərəkatın ilk dalğası XIX əsrin sonu – XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Klara Setkin feminist hərəkatın müdafiəçilərindən biri olub

8 Mart – Beynəlxalq Qadınlar Gününün meydana gəlmə səbəbinə toxunan Y.Hacıyeva deyib ki, əslində, Klara Setkin feminist hərəkatın müdafiəçilərindən biri olub: “Qeyd edim ki, bu günün ideyasının müəllifi kimi tanınan alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi olan Klara Setkin həm də feminist hərəkatın müdafiəçisi qismində tanınıb”.

Politoloqun sözlərinə görə, feminizm hərəkatı XX əsrin 70-ci illərinin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-da daha kütləvi xarakter alıb: “Ötən əsrin 80-ci illərinin ortalarında Qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqid səbəbi ilə feminizmin təsiri bir qədər azaldı. Əgər 80-ci illərin ortalarına qədər nəzəriyyəçilər tərəfindən əsasən Qərbi Avropa və Şimali Amerikanın orta təbəqəsindən olan ağ qadının təcrübəsi nəzərdən keçirilirdisə, sonralar digər qrupların və onların spesifik maraqlarının öyrənilməsinin və nəzərə alınmasının zəruriliyi qəbul olundu. Bu, hərəkatın yalnız praktikası deyil, nəzəriyyəsində də öz əksini tapdı”.

Vurğulanıb ki, Azərbaycanda da feminist hərəkatları daha çox qadınların hüquqları uğrunda olan ictimai-siyasi hərəkat kimi qəbul edilir.

Feminizm hərəkatı müxtəlif dövrlərdə müxtəlif məzmunlarda

Y.Hacıyeva deyib ki, ümumiyyətlə, feminizm hərəkatı müxtəlif dövrlərdə müxtəlif məzmunlarda ortaya çıxıb: “İlkin dövrlərində hərəkat qadınların ən kiçik hüquqlarını bərpa etmək üçün meydana çıxıb. Lakin daha sonra – 20-ci əsrdə ənənəvi həqiqət və dəyərlərin, anlayış və tezislərin hamısının kişilər tərəfindən irəli sürüldüyü və bunların kişi üstünlüyünə xidmət etdiyi üçün rədd edilməsinin zəruri olduğu müdafiə edildi. Bir sözlə, feminizm idrak nəzəriyyəsinə transformasiya olundu”.

Azərbaycanda qadın hüquqlaırnın müdafiəsi

Azərbaycanda qadın hüquqları, ümumiyyətlə qadın siyasəti ilə bağlı atılan addımlara gəlincə Y.Hacıyeva deyib: “Ölkəmizin müstəqilliyindən ötən müddət ərzində qadın hüquqlarının müdafiəsi sahəsində, qadınlara bərabər imkanların yaradılması üzrə genderyönlü siyasət formalaşdırlmaqla dayanıqlı inkşaf əldə edilib. Azərbaycan hökumətinin qadınların hüquqları və gender bərabərliyinin daha geniş şəkildə təşviq edilməsi sahəsində siyasətə diqqəti ölkədə bir sıra mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. Ancaq bütün bunlarla bərabər qadınların kişilərlə bərabər imkanlardan bəhrələnəcəyi və istifadə imkanı əldə edəcəyi cəmiyyətin əsaslarının möhkəmləndirilməsi istiqamətində görüləcək işlər çoxdur”.

Müsahibimiz bir vacib məqama da toxunub: “Onu da qeyd etmək yerinə düşür ki, son illər bütün dünyada qadın problemlərinin siyasi qruplar tərəfindən alət kimi istifadə olunması qlobal səviyyədə bu sahəyə diqqətin haçalanmasına səbəb olub. Son illər qadın haqlarının cəmiyyətdə seks və cinsi azadlıqların qabardılması görünütüsü ilə təqdimatı ümumiyyətlə, qadın hüquq və azadlıqlarının müdafiəsi mövzusunun cəmiyyətdə gözdən salınması ilə nəticələnir”.

Yanlış addımlar nəticəsində radikal feminizm kimi bir cərəyan formalaşıb

Qeyd edilib ki, son illər qlobal səviyyədə radikal çağırışlar üzündən feminizm adının qorxuya cevrilməsi müşahidə edilir: “Təəssüflər olsun ki, son vaxtlar feminizm siyasi alət olaraq bütün dünyada cəmiyyətləri parçalanmağa yönəlik alət kimi istifadə olunmaqdadır. Bunun nəticəsində radikal feminizm kimi bir cərəyan formalaşıb. Qlobal səviyyədə beynəlxalq platformalarda müxtəlif lobbi qrupları radikal feminizmin inkişafı üçün səyləri ənənəvi feminist təsəvvürlərinin sıradan çıxması və bu mövzunun gözdən salınması ilə nəticələnir. Təəssüf hissi ilə qeyd edirik ki, eyni proses Azərbaycanda da müşahidə olunur və ənənəvi feminist yanaşmadan kənarda radikal feminizm elementlərinin cəmiyyətimizə idxalı bu mövzunu gözdən salır”.

Mission News Theme by Compete Themes.