Press "Enter" to skip to content

Azərbaycanla Türkiyənin arasını vurmaq istəyənlərə cavab

Nadir Azəri

Son yeniləmə: 7 Mart 2022 21:41

Yaxud Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək istəyənlərin arzusu gözündə qalacaq

Bayraqdar.info – Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması düşmənlərimizi yenidən hərəkətə gətirmişdi. Özlərini bəzən türkcü, Turançı kimi göstərsələr də əslində az qala türkçülükdən başqa bütün məzhəb, ideologiya və cərəyanlara xidmət edən daxili düşmənləri və türk dünyasının birliyindən xoflanan, bu barədə eşidəndə dəli olan xarici düşmənlərimizi deyirik. Əvvəllər olduğu kimi bu dəfə də onlar birlikdə hərəkət edirdilər. Sifariş də eyni mərkəzdən, eyni koordinatdan gəlmişdi: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrini gözdən salmaq üçün hərəkətə keçin.

Düşmənlərimiz üçün tezisin mətni də hazır idi: “Azərbaycan Rusiya ilə bu sənədi imzalamaqla Türkiyəyə xəyanət etdi”.

Beləliklə, bəlli koordinatdan gələn tapşırıq üzrə hərəkətə keçən düşmənlərimiz gündəmi məşğul etmək üçün qollarını çırmaladılar. Amma həmişəki kimi yenə də onların bu cəhdləri nəticəsiz oldu.

Əvvəla ona görə ki, Türkiyə-Azərbaycan qardaşlığının mərkəzində dayanan xalqlarımız bu cür düşmən təxribatının bir an belə yürüməsinə imkan vermədilər. Çeşidli dezinformasiyalar, Türkiyə-Azərbaycan qardaşlığını hədəfə alan təxribatçı fikirlər ilk olaraq məhz hər iki ölkənin ictimaiyyətinin təmsilçiləri tərəfindən rədd edildi. Sosial şəbəkələrdə bu cür təxribatçı fikirlərə qarşı lazımlı və əsaslı şəkildə cavablar verildi.

Digər bir tərəfdən qardaş ölkənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun sonuncu Bakı səfəri zamanı səslənən fikirlər həm düşmənlərimizin arzularını bir daha suya düşürdü, həm də bununla bir növ bütün suallara cavab verilmiş oldu.

İki əziz qardaşın dünyaya mesajı

Həmin səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilən M.Çavuşoğlunun müttəfiqliyimizlə bağlı səsləndirdiyi əhəmiyyətli fikir barədə sonda xüsusi qeyd edəcəyik. Hələlik isə iki qardaş ölkənin xarici işlər nazirlərinin görüşündə, həmçinin birgə mətbuat konfransında üzərində dayanılan məqamlara keçək.

Ceyhun Bayramov və Mevlüt Cavuşoğlu görüşüb

Öncə onu deyək ki, mətbuat kofransında bizlərin diqqətini çəkən əsas məqamlardan biri hər iki nazirin bir-birinə xitabən işlətdikləri “əziz qardaşım” ifadəsi idi. Özü də bu, necə deyərlər, boğazdan yuxarı işlədilən yox, ürəkdən gələn bir ifadə idi. Hər halda həm Mevlüt Çavuşoğlunun, həm də Ceyhun Bayramovun bir-birilərinə müraciət edərək “əziz qardaşım” dedikləri zamanı onların necə səmimi olduqları gözlərindəki qardaş istəyindən, qardaşa olan səmimiyyətdən açıq şəkildə büruzə verilirdi.

Məhz bu səmimiyyət fonunda da iki əziz qardaş dünyaya çox mühüm mesajlar verdi. Bu mesajları eyni zamanda “ay aman, Azərbaycan Türkiyəyə xəyanət etdi. Bakı Ankaranı yox, Moskvanı seçdi” kimi ucuz, gülünc fikirlərlə “silahlanan” düşmənlərimizə qapaq kimi cavab da adlandırmaq olar.

Bakı görüşündə bütün məsələlər bir daha gözdən keçirildi

Əslində bu görüş, daha doğrusu orada iki nazirin Ermənistana xəbərdarlıq kimi çağırışı barədə öncəki yazılarımızın birində bəhs etmişdik. Həmin yazıda bu və digər məsələlərlə bağlı Azərbaycanla Türkiyənin koordinasiyalı hərəkət etdiyni də bildirmişdik.

Azərbaycanla Türkiyə arasında daimi koordinasiya

Bu yazıda isə məhz oradan yola çıxaraq tərəflərin digər məsələlərdə də birgə addım atdıqlarına dair qənaətlərimizi bölüşəcəyik. Bəli, məhz bütün məsələlərdə. Çünki iki nazirin görüşünün gündəliyinə qardaş ölkələrin iqtisadi, siyasi, hərbi sahədə əməkdaşlığının daha da dərinləşməsindən, postmünaqişə dövründə bölgədəki mövcud vəziyyətdən, Şuşa Bəyannaməsinin icrası istiqamətində görülən işlərdən, Ukraynada baş verən hadisələrdən tutmuş həm ikitərəfli, həm coxtərəfli əməkdaşlıq formatalarına qədər bütün sferaları əhaət edən məsələlər daxil idi.

Təbii ki, Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri ilk sırada dayanır. Elə hər iki nazir də istər görüş, istərsə də keçirilən birgə mətbuat konfransı zamanı bunu yüksək qiymətləndirdi. Hər zaman ölkələrimiz arasında münasibətlərin sıx olduğu və dövlət rəhbərlərinin birbaşa iştirakı ilə bu münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyi xüsusi olaraq vurğulandı. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin ötən il 12 faiz artdığı, lakin potensialın bundan qat-qat yüksək olduğu da bildirildi. Yəni bu sahədə yaxın gələcəkdə yeni-yeni addımların atılacağına dair bir növ mesaj verildi.

Bakı görüşündə maraq doğuran bir məsələ də postmüharibə dövründə görülən işlərlə bağlı idi. Bununla bağlı səslənən fikirlər də gələcəyə nikbin baxmağa əsas verməklə yanaşı, savaşda olduğu kimi savaşdan sonra da iki qardaş ölkənin çiyin-çiyinə addımladığını bir daha ortaya qoydu. Hər halda, C.Bayramovun “Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunan torpaqlarımızın bərpasında Türkiyə şirkətləri fəal iştirak edirlər” deməsi məhz bu qənaətə gəlməyə əsas verir.

9 min 500 nəfərə yaxın Azərbaycan vətəndaşı Ukraynadan təxliyə edilib

Həmçinin aydın oldu ki, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərdə birgə addımlayırlar. O cümlədən Ukraynada baş verən hadisələr, bu ölkədəki vəziyyətlə əlaqədar Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi, bu xüsusda aparılan əlaqələndirmə işləri də uğurla davam edir. Ukrayna ilə bağlı məsələdə vacib bir məqam isə ondan ibarətdir ki, iki qardaş dövlət ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinədir.

Mevlüt Çavuşoğlu: Ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik

Biz onsuz da təbii müttəfiqik

Beləliklə, qayıdaq yuxarıda qeyd etdiyimiz məqama. Yəni səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilən M.Çavuşoğlunun müttəfiqliyimizlə bağlı səsləndirdiyi əhəmiyyətli fikirlərə.

Girişdə qeyd etdiyimiz kimi, fevralın 22-dən sonra daxili və xarici düşmənlərimizin əsas hədəfi Türkiyə-Azərbaycan qardaşlığı və bu kontekstdə Şuşa Bəyannaməsinin gözdən salınmasına cəhd idi. Lakin M.Çavuşoğlunun İ.Əlievlə görüşündə “Biz onsuz da təbii müttəfiqik, Şuşa Bəyannaməsi bir millət – iki dövlətə həqiqətən də yaraşan kimi oldu. Prezidentlərimiz bunu öz imzaları ilə sadəcə rəsmiləşdirdilər” deməsi düşmənlərimizə tərs sillə oldu.

Qardaş ölkənin xarici siyasət idarəsi rəhbərinin Bəyannamədəki məsələlərin həyata keçirilməsi istiqamətində azərbaycanlı qardaşları ilə səylə çalışdıqlarını diqqətə çatdırması ilə xüsusilə yadda qaldı. Yəni M.Çavuşoğlunun Azərbaycan Prezidenti ilə görüşdə “Təkcə xarici işlər nazirləri deyil, bütün qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələlərin bölgədəki ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq” deməsi bütün spekulyasiyalara son qoydu.

Xüsusi qeyd: Eyni ruh, eyni mövqe iki nazirin mətbuat konfransında da sərgiləndi. Hər iki nazirin Şuşa Bəyannaməsində yer alan məsələlərlə bağlı addımların atılacağına dair sözləri, bu zaman isə hərbi məsələnin ön sırada səslənməsi də diqqətdən yayınmamalıdır. Yəni mətbuat konfransında nazirlərin açıqlamalarında “Şuşa Bəyannaməsinin içərisində hərbi, siyasi və digər məsələlər var. İşğaldan azad edilən ərazilərdə görüləcək işlərlə bağlı da məsələlər var”, yaxud “Şuşa Bəyannaməsi müxtəlif sahələri əhatə edir. Hərbi, texniki, humanitar, diaspor, İKT sahəsində əməkdaşlıq və s.” kimi fikirlərə dərindən diqqət etsək görərik ki, hərbi məsələ ön sıradadır.

Bu da təbiidir. Çünki hələ regionda Ermənistanla Azərbaycan arasıdna əbədi sülh sazişi imzalanmayıb. Bura regionda və dünyada hər an dəyişən və gərginləşən vəziyyəti, üstəlik Ermənistanın mütəmadi təkrarlanan təxribatlarını da əlavə etsək indiki məqamda hərbi məsələnin ön planda tutulması təbii və vacibdir.

Mevlüt Çavuşoğludan Azərbaycanla bağlı maraqlı paylaşım

Mission News Theme by Compete Themes.