Press "Enter" to skip to content

QHT-lərə Dövlət Dəstəyi Agentliyi fəal xanımları təbrik edib

Son yeniləmə: 6 Mart 2022 11:08

Aygün Əliyeva: Azərbaycanda qadınların hər sahədə inkişafı üçün əlverişli şərait yaradılır

Bayraqdar.info – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi vətəndaş cəmiyyətinin bir qrup fəal xanım QHT rəhbərlərini qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, öncə Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüşüblər və onu Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər və xoş arzularını çatdırıblar.

Sonra Agentliyin qadın əməkdaşları vətəndaş cəmiyyətinin bir qrup fəal xanım QHT rəhbərləri ilə görüşüb. Görüşdə “D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfərova, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova, “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri Firuzə Əsədullayeva, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlı, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri Mariya Hüseynova, “Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova iştirak edib.

Görüşdə çıxış edən Agentliyin icraçı direktoru A.Əliyeva QHT sektorunun formalaşmasında uzun illər xidmət göstərmiş xanım QHT rəhbərlərini qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Onlara can sağlığı və vətəndaş cəmiyyətinin inkişafında daha böyük uğurlar arzu edib.

A.Əliyeva Azərbaycan qadını olmağın üstünlüklərindən, xalqımızın qadına qarşı hər zaman hörmət, diqqət və qayğı göstərməsindən danışıb. O, bu gün gənc nəslə nümunə olan Mehriban Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyətinin hər birimiz üçün örnək olduğunu deyib: “Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir”.

İcraçı direktor çıxışında dövlət qadın siyasətindən də söhbət açıb. Bildirilib ki, ölkəmizdə bu siyasət də uğurla həyata keçirilir, qadınların hər sahədə inkişafı üçün əlverişli şərait yaradılır: “Vətəndaş cəmiyyəti bu prosesə dəstək olur, onlar qadınların peşə kurslarına cəlb olunması, məşğulluqlarının təmin edilməsi, əl işlərindən ibarət sərgi-satışların təşkil olunması, sağlamlıqlarının təmin edilməsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirirlər. Ahıl qadınlar da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onlara müxtəlif növ xidmətlər göstərilir, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. QHT-lər bu istiqamətdə də dövlətimizin gördüyü işlərə dəstək olurlar. Hətta məhz bu istiqamətdə fəaliyyət göstərən QHT-lərimiz var”.

Sonda QHT rəhbərləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.