Son yeniləmə: 5 Mart 2022 20:41
Ermənistanın hərbi-siyasi rəhbərliyi fürsətdən necə istifadə etmək barədə qərar verməlidir
Bayraqdar.info – 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənə ölümcül zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.
Beləliklə, noyabrın 10-da imzalanan üçtərəfli bəyanat ilə İkinci Qarabağ müharibəsi sona çatdı. Bu müharibə zamanı Azərbaycan əldə etdiyi tarixi qələbə ilə həm torpaqlarının işğalına son qoydu, həm də regionda yeni reallıqlar yaratdı. Elə reallıqlar ki, regiona əbədi sülh və davamlı inkişaf vəd edir.
Bu gün gələcəyi ağıllı şəkildə dəyərləndirmək qabiliyyətinə malik ölkələr bu reallıqlar fonunda ortaya çıxan, daha dəqiq desək, Türkiyə ilə Azərbaycanın həmmüəllifi olduğu platformalarda iştirak etməyə hazır olduqlarını bəyan edirlər. Özü də təkcə bəyan etmirlər, eyni zamanda gələcək əməkdaşlıq imkanlarına dair təkliflərini də səsləndirirlər.
Ermənistan tərəfi reallığı dərk edə bilmir
Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də reallığı dərk edə bilmir, yaxud da etmək istəmir. Ermənistan tərəfi ona görə qeyd edirik ki, bu gün həmin ölkədə müxalifət də, iqtidar da hələ də köhnə havalardan, işğalçı, revanşist əhval-ruhiyyədən qurtula bilmir. Halbuki Azərbaycanla Türkiyənin təklif etdiyi əməkdaşlıq platformaları bu gün hamıdan daha çox Ermənistana lazımdır. Çünki yalnız bu yolla Ermənistan dağılmış iqtisadiyyatını dirçəldə bilər. Əks halda isə Ermənistanı ümumilikdə bir dövlət kimi yox olmaq təhlükəsi gözləyir. Ona görə də Ermənistan hansısa bəhanələrin arxasında gizlənməyə, dildə bir söz deyib əməldə başqa iş görməyə son verməli, yaranmış fürsətdən istifadə etməlidir.
Martın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşündən sonra keçirilən mətbuat konfransında səslənən fikirlər də elə buna işarə edirdi. Məsələn, C.Bayramov dedi ki, Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Nazir bildirdi ki, bu, Ermənistan üçün bir fürsətdir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi bu fürsətdən necə istifadə etmək barədə qərar verməlidir”.
Öz növbəsində M.Çavuşoğlu da bəyan etdi ki, Ermənistan sülh müqaviləsi ilə bağlı adekvat mövqe sərgiləməlidir. Türkiyəli nazir “Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyirik” deyə əlavə etdi.
Göründüyü kimi, iki qardaş ölkənin xarici işlər nazirləri növbəti dəfə Ermənistana xəbərdarlıq xarakterli çağırış etdilər. Rəsmi Yerevan bunu düzgün dəyərləndirməli, hər iki ölkə ilə normal, beynəlxalq prinsiplərə əsaslanan əlaqələr qurmalı, yersiz və ziyankar inadından əl çəkməlidir.
Azərbaycanla Türkiyə arasında koordinasiya
Əlaqələrin qurulmasından söz düşmüşkən, M.Çavuşoğlunun Azərbaycana bu səfəri həm də iki qardaş ölkənin Ermənistanla aparılan danışıqlar məsələsində koordinasiyalı hərəkət etdiyini və mütəmadi olaraq məsləhətləşdiyini bir daha ortaya qoydu. Bunu elə nazirlərin sözləri də təsdiqləyir.
Məsələn, C.Bayramov bildirdi ki, Ermənistanla münasibətlərin normallaşması məsələsində ölkələrimiz arasında koordinasiya var.
M.Çavuşoğlu da öz növbəsində dedi ki, Türkiyə-Ermənistan münasitbətlərinin normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiya edilir: “Bundan sonra da bu koordinasiya davam etməlidir. Zəngəzur dəhlizinin reallaşması da önəmlidir”.
Beləliklə, həm nazirlərin fikirləri, həm də M.Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə və Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı qardaş ölkənin xüsusi nümayəndəsi səfir Serdar Kılıçın da yer alması prosesin necə getdiyini nümayiş etdirir. Görünən odur ki, Ermənistanla münasibətlər məsələsində ən xırda detal da nəzərdən qaçmır, hər şey bütün incəlikləri ilə Ankara ilə Bakı arasında müzakirə edilir və ortaq qərarlar verilir. S.Kılıçın heyətdə yer alması isə Ermənistanla Türkiyə arasındakı danışıqların gedişinə dair Bakının məhz birinci mənbədən məlumatlandırılmasına hesablanmış addım kimi dəyərləndirilə bilər.