Bayraqdar.info – Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı geniş miqyaslı təcavüz qonşu dövlətlərin məsələyə münasibətini də ön plana çıxarıb. Faktiki olaraq bu təcavüzdə Rusiya ilə birlikdə iştirak edən Belarusdan başqa heç bir qonşu dövlət Rusiyaya dəstək vermir, hətta bir sıra hallarda birbaşa və ya dolayısıyla bu dövlətin əməlinə qarşı davranış sərgiləyir. Qonşu dövlətlərin belə ehtiyatlı yanaşması isə bəzən suallar doğurur, əlavə informasiya kirliliyinə səbəb olur.
Qeyd edilən informasiya kirliliyinə qardaş Qırğızıstan da tuş gəlib. Müəyyən dairələr iddia edib ki, bu dövlət Rusiyanın tərəfində döyüşmək üçün Ukraynaya hərbi kontingent göndərməyə razılaşıb. Baxmayaraq ki, Qırğızıstan dövləti Rusiya təcavüzünün ilk günündən tərəfləri masa arxasında dialoqa dəvət edib, müəyyən kəsimlər hələ də qardaş ölkənin barəsində yalanları tirajlamağa davam edirlər.
Biz də bayraqdar.info olaraq məsələylə bağlı Qırğızıstanın Bakıdakı səfirliyinə müraciət etdik. Səfirlikdən əlavə açıqlama verməyə gərək olmadığını, Qırğızıstan dövlətinin rəsmi mövqeyinin elə ilk gündən bəyan edildiyini, əlavə olaraq da sonrakı günlərdə Xarici İşlər Nazirliyinin dövlətin mövqeyini ifadə etdiyini bildirdilər.
Qeyd olunan açıqlamalara əsaslanaraq Qırğızıstanın Rusiya-Ukrayna qarşıdurmasında necə davrandığı, iddia edildiyi kimi Rusiyanın tərəfində dayanıb Ukraynaya qarşı döyüşə qatılıb-qatılmadığı haqqında informasiyanı oxucularımıza təqdim edirik.
Beləliklə, Qırğızıstan XİN-in Rusiyanın təcavüzünün başlanmasının ardından – fevralın 25-də yaydığı açıqlama olduqca neytral və tərəfləri danışıqlar masası arxasına dəvət edən xoş məramlı çağırışdan ibarətdir. Yəni qardaş ölkə nəinki tərəf tutmur, əksinə, bu çağırışla bir-birinə tarixən dost olan Rusiya və Ukrayna xalqlarını tezliklə sülhə nail olmağa səsləyir. Əlavə olaraq da münaqişə bölgəsində dinc sakinlərin zərər çəkməməsi üçün gərəkli tədbirlərin görülməsinə, onların ərazidən uzaqlaşması üçün şərait yaradılmasına çağırır.
Daha sonra, fevralın 26-da isə Qırğızıstan Prezidentinin rəsmi saytında ölkə başçısı Sadır Caparovun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı haqqında məlumat verilib. Burada da Ukrayna məsələsi müzakirə edilib, lakin hansısa dəstək və ya ordu göndərməkdən söhbət getmir.
Məsələ bu qədər dəqiq və aydınkən yenə də Qırğızıstanla bağlı yalanları tirajlayanlar boş durmur, ölkəni Rusiyanın təcavüzünü dəstəkləməkdə ittiham edirdilər. Buna görə də Qırğızıstan XİN martın 3-də növbəti açıqlama ilə çıxış edərək rəsmi mövqeyi bir daha diqqətə çatdırıb. Qeyd edək ki, əlavə söz-söhbətə səbəb olan məqam Ukraynanın Bişkekdəki səfirini məsləhətləşmələr üçün Kiyevə çağırmasından qaynaqlanırdı. Halbuki bu, normal diplomatik prosedurdur və qeyri-adi heç nə ifadə etmir. Qırğızıstan XİN də məhz buna diqqət çəkərək əlavə informasiya kirliliyinin qarşısına keçməyə çalışıb.
Nazirliyin informasiya departamentinin direktoru Nurlan Suerkulov martın 2-də məsələylə bağlı Kabar Agentliyinə verdiyi açıqlamada bir daha qeyd edib ki, ölkəsi tərəfləri masa arxasında müzakirəyə dəvət edir. O, Qırğızıstanın tərəfləri məhz diplomatik yollarla çözümə çağırdığını bir daha xatırladıb. N.Suerkulov onu da əlavə edib ki, münaqişəyə başqa ölkələrin qoşulmasına imkan vermək olmaz.
Martın 3-də Qırğızıstan Müdafiə Nazirliyi ortalıqda dolaşan yanlış bilgiləri nəzərə alaraq mətbuat üçün açıqlama yayıb. AKIpress-in yaydığı açıqlamada bildirilib ki, Qırğızıstanın bütün hərbi qüvvələri ölkə sərhədlərinin içindədir və onlardan sərhəd dışında istifadə ilə bağlı hər hansı plan yoxdur. Nazirlik əlavə olaraq bildirib ki, “Qırğızıstan silahlı qüvvələrindən xaricdə hansısa hərbi əməliyyatlarda istifadə haqqında istənilən fikir təkzib edilir”.
Göründüyü kimi, mövqe aydındır, neytral və xoşməramlıdır. Lakin buna baxmayaraq yenə də müəyyən kəsimlər ölkəni etmədiyi məsələlərdə ittiham eləməyə davam edib. Ona görə də Qırğızıstanda fəaliyyət göstərən Next TV ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Xəbəri martın 4-də Ala-Too TV yayıb. Bəlli olur ki, Next TV Qırğızıstan və Tacikistanın gizli şəkildə Rusiyaya hərbi dəstək verməklə bağlı hazırlıq ifadə etdiyini iddia edib. Bu isə heç bir əsası olmayan informasiyadır. Ona görə də Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Next TV-yə qarşı hüquq müstəvisində təqibə başlayıb.
Sonda qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü hər şeydən öncə keçmiş Sovet respublikalarında haqlı olaraq əndişəyə səbəb olub. Ona görə də Qırğızıstan da daxil olmaqla bütün respublikalar (Belarus istisna olmaqla) tərəfləri masa arxasına keçib dinc yolla münasibətləri aydınlaşdırmağa həvəsləndirir. Lakin görünür belə bir yanaşma müəyyən dairələrə sərf etmədiyi üçün təxribat xarakterli yalan məlumatlar yaymaqla ortalığı qarışdırmağa çalışırlar…