Son yeniləmə: 5 Mart 2022 14:26
Bayraqdar.info – Martın 17-də Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin növbəti konserti təqdim olunacaq. Böyük maraqla gözlənilən layihənin rəhbəri BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.
Mərkəzdən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, konsertdə BMM-nin solistləri Əməkdar artist Səbuhi İbayev, xanəndələr Kamilə Nəbiyeva və Ayşən Mehdiyeva “Şur” muğamını səsləndirəcək. Xanəndələri BMM-nin solistləri, tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov müşayiət edəcək.
“BMM Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Sərt karantin rejimindən sonra ilk dəfə tamaşaçılarla görüşə gələn layihənin bir özəlliyi də ondadır ki, BMM-in konsertləri İctimai Radio 90 FM-də dinləyicilərinə də təqdim olunacaq. Həmçinin konsertlər “Mədəniyyət” kanalı vasitəsilə lentə alınaraq muğamsevərlərlə görüşə gələcək. Qeyd edək ki, layihənin növbəti konserti aprelin 17-də təqdim olunacaq”, – deyə xəbərdə qeyd edilir.