Son yeniləmə: 5 Mart 2022 16:57
Bayraqdar.info – 2021-ci ildə Azərbaycanda 33 min 332 təsərrüfatda mövcud olan 625 min arı ailəsindən 6 min 802 ton bal, 172 min ton mum, 15 min ton vərəmum, 17 min ton güləm və 215 mi kq arı südü əldə olunub.
Bayraqdar.info Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.
Məlumata görə, ötən il balın 1 kiloqramının orta satış qiyməti 25,3 manat, mumun 1 kq-nın orta satış qiyməti 13,2 manat, vərəmumun 1 kq-nın orta satış qiyməti 92,3 manat, güləmin 1 kq-nın orta satış qiyməti 117,5 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,5 manat olub.
“Arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə prezidentinin 5 mart 2018-ci il tarixli Sərəncamına əsasən, arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib.
“Bu, arıçılığın inkişafını stimullaşdırıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib. Belə ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib”, – deyə məlumatda qeyd edilib.