Son yeniləmə: 4 Mart 2022 18:00
Hulusi Kılıç: Bu müharibənin baş verməsinin əsas günahkarlarından biri də məhz Qərbdir
Bayraqdar.info – “Ukraynanın Avropa Birliyinə üzv olmasını təbii ki, məmuniyyətlə qarşılayarıq”.
Bunu bayraqdar.info-ya Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
“Üzvlük məsələsi Rusiya-Ukrayna müharibəsinə təsir edə bilərmi” sualını cavablandıran keçmiş səfir öncə onu bildirib ki, Türkiyə birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: “Təbii ki, bu bir işğaldır və Ukraynanın torpaqlarının işğal edilməsi qəbuledilməzdir. Biz bu müharibənin bir an öncə dayanmasını istəyirik. Hesab edirəm ki, tezliklə bölgədə sabitliyin təmini üçün diplomatik çabalar artırılmalı, həmçinin Rusiyaya da NATO ilə bağlı bir təminat verilməlidir. Ancaq Ukraynanın AB-yə üzvlüyünün müharibənin gedişini dəyişdirəcəyini ehtimal etmirəm. Çünki əvvəla, Rusiyanın bir planı var. Bu müharibədə də həmin planı reallaşdırmağa çalışır. Digər tərəfdən AB-yə tamhüquqlu üzv olmaq üçün bəzi məsələlər var ki, onların həlli vaxt tələb edir. Ukrayna bu müddəti başa vurmadan tamhüquqlu üzv ola bilərmi? Onu dəqiq deyə bilmərəm. Nəhayət, onu da birmənalı olaraq bildirim ki, əslində bu mühairbənin baş verməsinin əsas günahkarlarından biri də məhz Qərbdir, Avropadır. Çünki məhz Qərb bu müharibəni körüklədi, sonunda da Ukraynanı meydanda tək buraxdı. Beləliklə, bir daha təkrar edirəm ki, Ukraynanın AB-yə üzvlüyü bu müharibənin gedişinə təsir etməz”.
Bu məqamda qeyd edək ki, Ukraynanın AB-yə üzvlüyə qəbuluna dair ilkin addımlar məmnuniyyət doğursa da bu, öz növbəsində Qərbin proseslərə və ölkələrə ikili standartlardan yanaşdığnı bir daha ortaya qoyur. Belə ki, Türkiyə uzun illər müxtəlif yersiz bəhanələrlə AB-yə üzv qəbul edilmir. Amma Ukrayna müraciət edəndən dərhal sonra müvafiq addımlar atılır.
Bu məsələyə də münasibət bildirən H.Kılıç deyib ki, əslində, Qərbin hər zaman məsələlərə ikili standartlardan yanaşdığını bilirik: “Türkiyə yarım əsrdən çoxdur AB-yə üzv olmaq istəyir. Ancaq Türkiyəni hələ də gözlədirlər. Əvəzində isə Türkiyədən daha geri olan, keçmiş SSRİ-nin dağılması ilə müstəqilliyini əldə etmiş bir çox ölkə AB-yə üzv qəbul edilir. Təəsüflər olsun ki, biz Qərbin bu ikili standartlarını daima görürük. Yəni AB eyni məsələ ilə bağlı Türkiyəyə bir, digər ölkələrə isə başqa cür yanaşır. Bunu son olaraq Ukraynanın timsalında bir daha gördük. Biz birmənalı olaraq Ukraynanın AB-yə üzv olmasını dəstəkləyirik. Amma Qərb siyasətçilərinin, AB üzvü olan ölkələrin bir az da vicdanlı olması lazımdır. AB Türkiyə reallığını görməli və qəbul etməlidir. Türkiyə NATO-nun ən fəal üzvü kimi illər uzunu Qərbi, Avropanı qoruyub. Amma hələ də AB-yə üzv qəbul edilmir”.
Keçmiş səfir deyib ki, Qərbin ikili standartını 30 il ərzində Azərbaycana qarşı münasibətdə də gördük: “30 il ərzində Qərb ikili standartlardan çıxış etdi. İşğalçı ilə işğala məruz qalanı eyni tutdu. Bəzən isə hətta işğalçı Ermənistanın havadarı qismində çıxış etdi. Təəssüflər olsun ki, Qərb ölkələri hər zaman müsəlmanlar üçün bu cür ikili standartlar tətbiq edirlər. Qərbin bu təfəkkürdən xilas ola biləcəyini də düşünmürəm”.
“Bir şeyi də AB üzv ölkələrinin siyasətçilərinin, idarəçilərinin diqqətinə çatdırmaqda yarar var. Türk xalqı heç zaman AB-yə yük olmayacaq. Bunu bilmələri lazımdır. Ona görə də bəhanələrə son qoyulmalıdır. Tez bir zamanda Türkiyənin AB üzvlüyünə qəbulu gerçəkləşməlidir”, – deyə H.Kılıç sonda əlavə edib.