Press "Enter" to skip to content

Rusiya 28 uşağı öldürüb, milyon yarımı da risk altındadır

Darya Gerasimçuk

Bayraqdar.info – Rusiya Ukraynada 28 uşağı öldürüb. Bunu Ukrayna Prezidentinin müşaviri – uşaq hüquqları və uşaqların reabilitasiyası üzrə müvəkkili Darya Gerasimçuk bildirib. Onun sözlərinə görə, 8 gün davam edən müharibədə Rusiya işğalçılarının hücumları nəticəsində 28 uşaq həlak olub, 64 uşaq isə müxtəlif ağırlıqlı yara alıb.

D.Gerasimçuk onu da bildirib ki, Rusiyanın təcavüzü nəticəsində xeyli sayda doğum evi, uşaq baxçası və məktəb dağıdılıb. Ukrayna üzrə 1,5 milyon uşaq hazırda mühasirədə və ya hücum altında olan ərazilərdə qalıb. Onların arasında çox sayda əlil, yetim və təcili tibbi yardıma ehtiyacı olanlar da az deyil.

Qeyd edək ki, bu məlumatı Ukrayna Prezidentinin ofisi yayıb.

Əlavə edək ki, fevralın 24-dən başlayaraq Rusiya Ukraynaya qarşı açıq hərbi təcavüz gerçəkləşdirir. Ukrayna xalqının ciddi dirənişi Rusiyanın özünü də çətin vəziyyətə salıb. Bu günədək Ukrayna tərəfi Rusiyanın ən azı 9 min nəfərlik canlı qüvvəsini məhv edib. Eyni zamanda 200 nəfər rus hərbçisinin əsir düşdüyü də gələn xəbərlər arasındadır.

Rusiya tərəfi itkilərinə baxmayaraq Ukraynaya qarşı ən qəddar müharibə aparır. Hətta atom elektrik stansiyaları belə Rusiyanın ağır silahlarıyla atəşə tutulur.

Ukraynalılar öz doğma torpaqlarını qorumaq üçün var qüvvələri ilə çalışırlar. Mütərəqqi bəşəriyyətin də dəstəklədiyi bu dirənişdə sosial mediada #UkrainiansWillResist, #StopRussianAggression və #StandWithUkraine həştəgləri hər saniyə minlərlə dəfə paylaşılır.

Mission News Theme by Compete Themes.