Son yeniləmə: 4 Mart 2022 09:03
Bayraqdar.info – Martın 3-də Nizami Kino Mərkəzində “British Council”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə VII Britaniya Film Festivalın açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, bu ilki festivalda tanınmış kino tənqidçilərinin rəğbətini qazanan Britaniyanın ən yeni filmləri yer alıb.
“Tədbirdə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva VII Britaniya Film Festivalına ev sahibliyi etdiyi üçün məmnunluğunu ifadə edib. Bildirib ki, festival çərçivəsində tamaşaçıları maraqlı sənədli və bədii filmlər gözləyir. O, festivalın proqramının zəngin olduğunu söyləyib. Bildirib ki, festivalda qlobal məsələlərə toxunan, beynəlxalq mükafatlar almış ekran əsərləri yer alıb.
“Böyük Britaniya səfirinin müvəqqəti işlər vəkili Filip Barkley festivalın əhəmiyyətindən danışıb: “Mən çox şadam ki, biz bir daha Britaniya filmlərini Azərbaycana gətirməklə “British Council”a dəstək verə bildik. Bu, həm də Böyük Britaniya-Azərbaycan əlaqələrinin otuzuncu ildönümünü qeyd etmək üçün gözəl fürsətdir. Ümid edirəm, ətraf mühitin korlanması mövzusuna həsr olunan festivalda nümayiş edilən filmlər auditoriyanın marağına səbəb olacaq”.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo Azərbaycan auditoriyasına Britaniyanın ən son filmlərini gətirməkdən məmnun olduğunu vurğulayıb: “Məqsədimiz kinematoqrafiya təcrübəsini bölüşmək üçün bir daha kinosevərlərlə görüşməkdir. Bu ilin mövzusu tarixin həlledici məqamına təsadüf edir. Mövzu həm də bizi müzakirələr aparmağa, maariflənməyə və daha yaxşı gələcək naminə qlobal mübarizəyə qoşulmağa çağırır”.
“Festivalın ilk günü quldurluq və ədalət uğrunda mübarizədən bəhs edən “Hersoq” retro-komediyası nümayiş olunub.
“Qeyd edək ki, martın 15-dək davam edəcək festival çərçivəsində 7 film nümayiş ediləcək. Filmin nümayişləri Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında olacaq”, – deyə xəbərdə bildirilir.