Son yeniləmə: 4 Mart 2022 14:48
26-cı hökumət bunu edə bilsə KKTC tarixinə düşəcək
Bayraqdar.info – Məlum olduğu kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeni hökumət həyata vəsiqə qazanıb. Martın 3-də UBP-DP-YDP koalisiyası Cümhuriyyət Məclisindən etimad səsi alıb. Parlamentdəki səsvermədə 29 millət vəkili yeni hökumət proqramının lehinə, 20-si əleyhinə səs verib. Bir millət vəkili isə səsverməyə qatılmayıb.
Beləliklə, yanvarın 23-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra aparılan gərgin müzakirələr nəticəsində ortaya çıxan UBP-DP-YDP hökumətinin bütün üzvləri bu gündən etibarən bu proqramın reallaşması üçün, necə deyərlər, qollarını çırmayıb, hərəkətə keçməlidirlər. Çünki ötən ilin payızında parlamentə və hökumət ortaqlarının birinin daxilinə edilən süni müdaxilə ucbatından istefaya gedən 24-cü UBP-DP-YDP hökumətindən sonra KKTC təxminən 5 aya yaxındır ki, iqtisadi məsələlərin həllindən daha çox siyasi problemlərin həllinə köklənib. Bu da ölkədəki maliyyə durumunun əlverişli səviyyədə qalmasını əngəlləyir.
Düşünmək olardı ki, seçki hökuməti kimi tarixə düşən 25-ci UBP-DP hökumətindən sonra qurulacaq yeni hökumət daha güclü sosial dayağa və imkanlara sahib olacaq. Lakin təəssüflər olsun ki, yanvarın 23-də keçirilən seçkilərin nəticələri Ulusal Birlik Partiyasına təkbaşına hökumət qurmaq imkanı vermədi. Seçkilərin nəticəsində parlamentdə 24 mandata sahib olan UBP-nin yeni hökumət qurmaq çabaları sonda UBP-DP-YDP koalisiyasının yaranması ilə nəticələndi. Yeni hökumətin hazırda parlamentdə ümumilikdə 29 mandata (UBP- 24, DP – 3 və YDP-2) sahib olduğunu nəzərə alsaq bu, hardasa kiçicik də olsa sakitliyə əsas verir. Yəni indiki halda hökumət lazım olan 50+1 səs çoxluğunu təmin edib.
Ancaq 24-cü hökumətin istefası ərəfəsində KKTC üzərində oynanılan oyunları nəzərə alanda narahat olmamaq mümkün deyil. Zaman-zaman KKTC-nin başını növbədənkənar seçkilərlə və sanki 4-5 aydan bir bir-birini əvəz edən kövrək hökumətlərlə qatan xarici güclərin bu dəfə də hökumətin digər iki ortağı daxilində çatlar yaratmağa cəhd etməyəcəklərinə kimsə şübhə etmir. Ən azından ortada çox da uzaq olmayan dövrdə – ötən ilin payızında yaşanmış bir acı gercəklik var.
Həmin vaxt kənardan yaradılan süni fırtına sonda hökumət ortağı olan partiyalardan birindən bir millət vəkilinin partiya sıralarından istefası ilə nəticələndi. Bu istefa isə öncə 24-cü hökuməti, sonra da ümumilikdə KKTC-ni siyasi problemlərlə baş-başa qoydu. Nəticədə 24-cü hökumət istefaya getmək zorunda qaldı. Onsuz da kəsirli büdcə ilə çoxsaylı problemlərə sinə gərməyə çalışan KKTC yenidən növbədənkənar seçki xərcləri ilə üzləşdi.
Beləliklə, bütün bunları nəzərə alanda yeni hökuməti bır sıra çətinliklərin gözlədiyini deyə bilərik. Hər şeydən öncə iqtisadi çətinlikdir ki, Faiz Sucuoğlu hökuməti bir an öncə hər şeyi toparlamalı və geriləmələrin heç olmasa bir qisminin qarşısının alınması üçün radikal addımlar atmalıdır.
Lakin bu hökuməti təkcə iqtisadi problemlər gözləmir. Yuxarıda bəhs etdiyimiz sürprizlərin də təkrarlana bilməsi mümkündür. Özü də təkcə hökumətin kiçik ortaqları daxilində deyil, UBP daxilində də bu sürprizlər baş qaldıra bilər.
Buna görə də yeni hökumətin ilk işlərindən biri KKTC-də idarəçilik sistemində vaxt itirmədən dəyişikliyə dair paketin parlamentin və xalqın müzakirəsinı təqdim etmək olmalıdır. Yəni Faiz Sucuoğlunun da dediyi kimi bu hökumətə heç də 5 illik hökumət kimi baxmaq düzgün deyil. Elə isə 26-cı hökumət KKTC-nin və Kıbrıs türk xalqının gələcək inkişafı və rifahı üçün lazım olan o addımı atmaqda özündə güc tapmalıdır. Bəs nədir o addım?
Bu suala cavab olaraq KKTC İstehlakçılar Dərnəyinin sədri Hasan Yılmaz Işıkın bir müddət öncə verdiyi yazılı açıqlamaya diqqət çəkmək istərdik. Həmin açıqlamasında o, bəzi siyasətçilərin partiya mənafeyini xalqın mənafeyindən üstün tutduqlarını qeyd edib. Məhz buna görə də mövcud siyasi sistemin, yəni idarəetmə sisteminin dəyişməsinin vacib olduğunu bildirib. Hasan Yılmaz Işık KKTC-nin düşdüyü siyasi dalandan, yəni tez-tez təkrarlanan növbədənkənar parlament seçkiləri və az qala 4-5 aydan bir qurulan kövrək hökumətlərdən ancaq prezidentlik rejimi, yəni prezidentlik üsul-idarəsinə keçidlə çıxmağın mümkün olduğunu deyib.
Həm mövcud proseslər, həm yaşanan acı reallıqlar, həm də səslənən son təklif isə KKTC-də islahatların zəruri olduğu qənaətini qətiləşdirməkdədir.
Əslində məsələyə dərindən nəzər salsaq Hasan Yılmaz Işıkın bu açıqlamasının hətta bir qədər gecikdiyini də deyə bilərik. Çünki bu gün KKTC-də yaşananlar bir vaxtlar eyni şəkildə Türkiyədə yaşanırdı. Xarici güclərin diqtəsi və ssenariləri ilə tez-tez dəyişən hökumətlər ucbatından ölkə iqtisadiyyatı çökür, Türkiyədə davamlı siyasi sabitsizlik mühiti yaradılırdı. Lakin AK Partinin təklif etdiyi islahatların gerçəkləşməsindən və prezidentlik üsul-idarəsinə keçiddən sonra bu problemlərə son qoyuldu.
İndi öz işini düzgün qura bilməyən hansısa naziri dəyişəndə bu heç də bütün hökumətin düşməsi ilə nəticələnmir. Həmçinin indi hökumət parlamentdəki hansısa partiyanın cığallığı ucbatından hər an istefaya getmək qorxusu ilə fəaliyyət göstərmir. Hökumət üzvlərinin başı hansısa koalisiya oyunlarının, yaxud da bu partiya ilə küsüb başqa partiya ilə “daha cici” hökumət qurmaq fəaliyyətlərinə qarışmır. İndi prezident və xalq qarşısında məsul olan bir hökumət var. Bu hökumətin də görəvi ölkənin siyasi və iqtisadi inkşafının davamlı olmasını təmin etməkdir.
Beləliklə, eyni sistemin KKTC-də də tətbiqinin zamanı gəlib. Bu işin reallaşması məsuliyyəti isə 26-cı hökumətin üzərinə düşür. Hesab edirik ki, 26-cı hökumət bir tərəfdən iqtisadi geriliyin aradan qaldırılması üçün çaba göstərdiyi halda, digər tərəfdən də idarəçiliklə bağlı islahatlar paketini müzakirələrə təqdim etməlidir. Əgər bunu edə bilsə 26-cı hökumət KKTC-nin tarixində xüsusi olaraq qalacaq. Çünki bu islahatlar reallaşarsa o zaman KKTC-də bir hökumətin, sonucda isə ölkənin taleyi hansısa bir millət vəkilinin səsindən, addımından aslı olmayacaq.