Press "Enter" to skip to content

“Akvarel təəssüratları” sərgisi

Xətai İncəsənət Mərkəzi

Son yeniləmə: 4 Mart 2022 14:12

Bayraqdar.info – Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” mövzusunda akvarel əsərlərindən ibarət satış sərgisi keçirilib. Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunan sərgidə 60-a yaxın sulu boya ilə işləyən rəssamın 80-dək əsəri nümayiş olunub.

Sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (“IWS Azerbaijan”), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, “Nəfəs” İctimai Birliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının dəstəyi ilə təşkil edilib.

Bayraqdar.info-ya Mərkəzdən verilən xəbərdə bildirilir ki, sərginin təşkilində məqsəd ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsidir.

“Ancaq mədəniyyəti güclü olan xalqlar gələcəyə güclü şəkildə getməyə qadirdir”, – deyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan xalqının dünya mədəniyyətində özünəməxsus yeri olan bir xalq olduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə, rəssamlara olan dəstəyini hamımız bilirik və bu dəstəyi özümüz üçün nümunə hesab edirik. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın incəsənətə olan dəstəyi də hər kəsə bəllidir. Bu elə bir sahədir ki, hər birimiz əlimizdən gələni etməliyik. Yaradıcı insanların həm mənəvi olaraq, həm də onların sənətinə verdiyimiz dəyəri açıq şəkildə göstərməyimizə ehtiyacları var. Bəzi yaradıcı şəxslərimiz var ki, onların sosial durumu yaxşı deyil. Digər yandan, pandemiyanın da incəsənətə mənfi təsirləri var. Mədəniyyət Komitəsi bəzi dost təşkilatlarla birgə yaradıcı insanlara, özəlliklə gənc istedadlara dəstək verməyə çalışır”.

Xəati Sənət Mərkəzi

“Sərginin maraqlı layihə olduğunu diqqətə çatdıran Q.Paşayeva rəssamlarımızın akvarel sənət növünə tərəddüdlə yanaşdığını qeyd edib. Sərgidə gözəl əsərlərin nümayiş etdirildiyini deyən komitə sədri Xalq rəssamı Arif Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın rəhbəri Gəray Əlibəyova dəstəklərinə görə minnətdarlığını ifadə edib.

“Deputat deyib: “Hədiyyə almaq üçün gözəl fürsətdir. Yaradıcı insanlarımızın əsərlərini alsanız, bu, həm rəssamlarımıza dəstək olar, həm də ödənilən vəsait ölkəmizdə qalar”.

“Mədəniyyət Komitəsi və “Nəfəs” İB tərəfindən 16 akvarel satın aldığını deyən Qənirə Paşayeva, sərgi iştirakçılarını da satış sərgisində fəal olmağa çağırıb.

Xətai Sənət Mərkəzi

“Tədbirin sonunda sərgidə əsərləri nümayiş etdirilən rəssamlara hədiyyələr və sertifikatlar təqdim olunub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.