Son yeniləmə: 2 Mart 2022 18:03
Bayraqdar.info – Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə mart ayından başlayaraq aprel ayının ilk günlərinədək Respublikanın 8 bölgəsində (54 rayon və şəhərin iştirakı ilə) 15 yaşa qədər yeniyetmə cüdoçuların bölgə birincilikləri keçiriləcək.
Bu barədə xəbər bayraqdar.info-ya martın 2-də Azərbaycan Cüdo Federasiyasından verilib. “İlk turnirlər mart ayının 5-i Naxçıvan və Göygöldə olduqdan sonra, növbəti yarışlar sırası ilə mart ayının 7-Mingəçevirdə, 12-i Balakəndə, 14-ü İsmayıllıda, 16-ı Qusarda, 18-i Masallıda, 6-7 aprel tarixlərində isə Sumqayıtda təşkil olunacaq.
“Yarışlarda 2008-2010-cu il təvəllüdlü idmançılar medallar uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, turnirin mükafatçıları 6-8 may tarixlərində Bakı şəhərində keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.
“ACF-nin əsas məqsədlərindən biri ölkəmizin bütün regionlarında cüdo idman növünü daha da populyarlaşdırmaq və kütləviləşdirməklə yeni istedadların kəşf edilməsi sistemini yaratmaq, həmçinin yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin təbliğ edilməsidir”, – deyə xəbərdə qeyd edilir.