Son yeniləmə: 2 Mart 2022 09:06
Bayraqdar.info – Martın 1-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII turun təxirə salınan oyunları keçirilib. Təşkil olunan 2 görüşlə 3 dövrə başa çatıb.
Azərbaycan Voleybol Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, turun ilk qarşılaşmasında “Azərreyl” “Abşeron”la üz-üzə gəlib. Qarşılaşma Eldar Yusubovun komandasının üstünlüyü ilə başlayıb. “Abşeron” ilk hissəni 25:16 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən komanda 3 xalı 3 setlə qazanıb – 3:0 (25:16, 25:21, 25:16).
Xəbərdə deyilir: “Günün ikinci qarşılaşmasında UNEC “Murov”la görüşüb. Bu görüşün qalibi tay-brekdə bəlli olub. Birinci hissədə rəqibinə 21:25 hesabı ilə məğlub olan Vüqar Əliyevin komandası növbəti 2 setdə 25:16, 25:16 qalib gəlib. Dördüncü hissəni UNEC komandası 28:26 hesabı ilə qazanaraq ümumi hesabı bərabərləşdirib – 2:2. Həlledici setdə 15:11 hesabı ilə qalib gələn “Murov” görüşün hesabını müəyyənləşdirib – 3:2.
“Üç dövrədən sonra “Abşeron” 27 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 14 xalla ikinci pillədə qərarlaşıb. 8 xala malik “Murov” üçüncü, 5 xal toplayan UNEC dördüncü yerdədir. Qeyd edək ki, Super Liqanın nəticələri 4 dövrənin yekununa əsasən müəyyənləşəcək”.