Son yeniləmə: 2 Mart 2022 14:41
İlham Məmmədov: Əminəm ki, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti öz müsbət nəticəsini verəcək
Bayraqdar.info – “2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycan ordusunun tarixi Zəfəri ilə nəticələndi. Cənab Ali Baş komandan İlham Əliyevin rəhbərllyi ilə rəşadətli ordumuzun qazandığı bu qələbə yeni reallıqlar yaratdı. Azərbaycan bu reallıqlara uyğun olaraq regionda inkişafın və əbədi sülhün təmini üçün səylərini davam etdirir”.
Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq arenada da sülhün, təhlükəsizliyin təmini, həmçinin insanların sağlamlığı baxımından aparılan işlərə mühüm töhfələr verir: “Özü də ölkəmiz təkcə həyata keçirilən işlərə dəstək vermir, eyni zamanda bu istiqamətdə təşəbbüskar kimi də önə çıxır. Biz bunu Qoşulmama Hərəkatı kontekstində də aydın şəkildə görürük. Elə fevralın 25-də keçirilən BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr də deyilənləri bir daha təsdiq etdi”.
İ.Məmmədov deyib ki, Prezident İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatına üzv dövlətlər adından videoformatda çıxışı COVID-19 ilə qlobal mübarizə, onun nəzarətdə saxlanılması, virusun yayılmasının qarşısının alınması, eyni zamanda, kasıb ölkələrə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rola malik olması baxımından mühüm önəm daşıyıb: “Əvvəla onu deyim ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi dünyaya töhfələrini verməkdə davam edir. Cənab Prezidentin də çıxışında bəyan etdiyi kimi pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür”.
Millət vəkili deyib ki, Azərbaycanın istər milli dövlət olaraq, istərsə də Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi mübarizə apardığı əsas məsələlərdən biri də “peyvənd millətçiliyi”dir: “Dövlət başçısının toplantıdakı çıxışında da vurğulandığı kimi COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Bu, həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur. Cənab Prezident deyib ki, biz, həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edirik. Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq”.
“Bir sözlə, dövlət başçısının da bəyan etdiyi kimi bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir. Əminəm ki, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti də öz nəticəsini verəcək”, – deyə millət vəkili bildirib.