Son yeniləmə: 2 Mart 2022 11:37
Yucel Karauz: Dünyanın müxtəlif millətlərindən təşkil edilmiş döyüşçü dəstələrinə öz ölkənin ordusu qədər etibar etmək arzuolunmaz nəticələrə səbəb ola bilər
Bayraqdar.info – “Bizdə bir ata-baba sözü var. Deyir, kənardan su tökməklə dəyirman işləməz. Bunu təsadüfən demədim. Məsələ burasındadır ki, əsgərlik çox ciddi peşəkarlıq tələb edən bir məsləkdir. Bunun qayda və tələbləri var. Hərbidə ən önəmli məsələ silahdaşlıqdır. Əsgərlikdə ən önəmli məsələ bir-birinə inam, birgə təlim görməkdir. Bir sözlə, bu qədər ciddi, bəlli qaydaları olan peşəyə tələb olunanan səviyyədə yanaşılmalıdır”.
Bunu bayraqdar.info-nun “xaricdən gələn döyüşçülər Rusiya-Ukrayna müharibəsinə necə təsir edə bilər” sualını cavablandıran Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
Onun sözlərinə görə, hər bir ölkə bu cür ciddi qaydaları olan əsgərliyə, hərbi məsələlərə daha dərindən yanaşmalı, öz ordusunun gücünə güvənməlidir: “Bunun əksinə, heç bir hərbi nizam-intizama tabe olmayan, dünyanın müxtəlif millətlərindən təşkil edilmiş döyüşçü dəstələrinə ordu qədər inanmaq, öz ölkənin ordusu qədər etibar etmək arzuolunmaz nəticələrə səbəb ola bilər. Çünki heç bir muzdlu döyüşçü sənin öz xalqının nümayəndəsi, öz əsgərin qədər torpaq uğrunda savaşmır”.
“Mən əcnəbi döyüşçü dəstələrinin bu savaşda Ukraynaya hər hansı faydasının olmayacağını demirəm. Təbii ki, faydası ola bilər. Amma torpağa bağlı, Vətən, millət deyərək döyüşə atılan insanların müharibə etməsi ilə ideologiyası, vətəni və bayrağı olmayan insanların, sadəcə rus ordusu ilə savaşmaq üçün, yaxud pula görə müharibəyə cəlb olunanması bir fayda verməz”, – deyə o, əlavə edib.
Y.Karauzun sözlərinə görə, bəzən bu muzdlu döyüşçülər faydadan çox problem də yaradır: “Belə deyək, Almaniyadan gələn biri ilə Misirdən gələn biri eyni bölükdə necə xidmət edəcək? Bir-birini anlayışla qarşılaya biləcəklərmi? Digər tərəfdən, bunlar döyüşəcəkləri əraziləri də tanımır, qarşısındakı düşməni tanımır, döyüşdüyü ölkənin şərtlərini, imkanlarını bilmir. Belə bir muzdlu dəstə ilə hər hansı təməlli uğur qazanmaq, düzü, inandırıcı görünmür”.
Müsahibimiz deyib ki, sadəcə uzun illər döyüş, müharibələrdə iştirak təcrübəsi olan konkret döyüş dəstələri var ki, onların savaşa qatılması daha uğurlu ola bilər: “Çünki bu cür döyüş qruplarının həm bir komanda kimi döyüşmək, həm də ayrı-ayrı əraizlərə tez uyğunlaşmaq təcrübəsi var. Amma yenə də o fikrimdə qalıram ki, bu cür döyüşdə milli orduya üstünlük verməklə uğur qazanmaq olar”.
Y.Karauz sonda bir məqama da toxunub: “Müharibənin 6-cı günündə Ukraynaya tank əleyhinə silahlar, digər döyüş texnikaları göndərən ölkələr də bundansa vaxtında bu savaşın olmaması üçün çalışmalıydılar. Bu gün onların göndərdiyi silahların isə xeyirdən çox ziyanı dəyə bilər. Çünki belə silah göndərmək müharibənin daha da şiddətlənməsinə sövq etmək məqsədi daşıyır sanki”.