Bayraqdar.info – Şəxsi fikrimdir: medianın fəaliyyətinə mümkün qədər geniş və sərbəst şərait yaratmaq lazımdır. Hətta xarici medianın da.
Elə bu günlərimizdə Rusiyanın Ukraynaya təcavüzü fonunda medianın gerçəkləri dünyaya çatdırması bu seqmentin nə qədər faydalı olduğunu bir daha və çılpaqlığıyla təsdiq edir.
Yaxud da 2020-ci ilin 44 günlük müqəddəs Vətən savaşımız zamanı obyektiv mövqe tutan medianın ümumi qələbəmizə verdiyi töhfəni də heç vaxt unudan deyilik.
Lakin biz hər zaman bir məsələnin üzərində təkidlə durmuşuq ki, media istənilən şəraitdə tərəfsizliyini və obyektivliyini qorumalıdır…
“Azadlıq” radiosu haqqında danışmaq istərdik. Bəllidir ki, bir vaxtlar Azərbaycan dövləti bu radionun Azərbaycan xidmətinin ölkə ərazisində yayımına da icazə vermişdi və dinləyicilər onu dinləyirdilər. Dövlətimiz bunu ona görə etmişdi ki, ölkədə media plüralizmi həm də bu yandan təmin edilmiş olsun.
Amma o da bəllidir ki, bu radio yaradılan şəraitdən sui-istifadə edərək öz media missiyasını bir tərəfə atıb siyasi təşkilat kimi çıxış etməyə başlamışdı. Hətta o qədər irəli getmişdilər ki, Ermənistanın belə tərəfini tuturdular. Özü də Bakıda oturaraq edirdilər bunu.
Azərbaycan nəzakətli bir şəkildə onlara belə davranışın yanlışlığını dəfələrlə izah etsə də faydası olmamışdı və gəmidə oturub gəmiçiylə dava edən bu radionun ümumiyyətlə ölkədə fəaliyyətini dayandırmağı tək çarə kimi görmüşdü…
Buna baxmayaraq “Azadlıq” şakərindən əl çəkməyib, dövlətin rəsmi izni olmadan indinin özünə qədər ölkədə müxbirlər saxlayır, onlara əməkhaqqı verir və… erməni təbliğatından da qalmır. Hələ biz radionun özü bir yana, onunla əməkdaşlıq edən Azərbaycanlıların bu məsələdə könüllü alətə çevrilməsini demirik…
Bugünlərdə yenə də “Azadlıq”ın Azərbaycan xidməti illərdir öyrəşdiyi ermənipərəstliyini təkrarlayıb.
Bəllidir ki, bir neçə gün öncə Azərbaycanın müvafiq xidmətləri Qarabağ ərazisindəki erməni əhalinin hərbi mühəndis işləri aparmasını dayandırmaq üçün səsucaldanla müraciət etmişdi. Erməni dilində olan bu müraciətdə ermənilərə izah edilir ki, bu qanunsuz əməldən əl çəkməyəcəkləri təqdirdə barələrində hüquq çərçivəsində tədbirlər görüləcək.
Yəni göründüyü kimi, Azərbaycan dövləti ipə-sapa yatmaq istəməyən erməni vətəndaşlarıyla qanunun diliylə danışır, onlara hər hansı zor tətbiq etmir, əksinə, çağırış edir ki, dinc həyatınızı normal yaşayın.
Amma “Azadlıq” radiosu nə edir? Bunu rəhbər tutaraq ermənilərlə danışır, onlardan tək tərəfli müsahibələr alır və növbəti dəfə Azərbaycandan xortdan obrazı düzəltməyə çalışır. Üstəlik də bunu yalnız erməni xidməti vasitəsilə deyil, həm də Azərbaycan xidməti üzərindən yayıb Azərbaycana qarşı təbliğat aparır…
Belə bir durumda yenə də Azərbaycanlılar bu radioya yardımçı olurlar…
İndi bir daha sual yaranır: bütün işi-gücü anti-Azərbaycan təbliğatı olan bu radio ilə işbirliyi etmək nə qədər düzgündür? Ümumiyyətlə, bu radionun əməkdaşları hansı qanun çərçivəsində Azərbaycanda fəaliyyət göstərir? Bilmək istərdik, Xarici İşlər Nazirliyində “Azadlıq” radiosu adına büro, yaxud da onun adına müxbir akkreditasiya olunubmu? Olunmayıbsa, bunlar necə rahat-rahat ölkə içində hər addımda qarşımıza çıxa bilirlər? Bildiyimizə görə belə bir akkreditasiya yoxdur…