Press "Enter" to skip to content

Azərbaycan-BMT münasibətləri 30 illiyə dayanan bir tarixə malikdir

Yeganə Hacıyeva

Son yeniləmə: 2 Mart 2022 20:01

Yeganə Hacıyeva: Azərbaycan BMT-nin qlobal səviyyədə sülh və sabitliyə töhfə verən üzv ölkələrindən biridir

Bayraqdar.info – “Azərbaycan-BMT münasibətləri 30 illiyə dayanan bir tarixə malikdir. Öncə onu deyək ki, Azərbaycan BMT-nin qlobal səviyyədə sülh və sabitliyə töhfə verən üzv ölkələrindən biridir. Ümumiyyətlə, BMT ötən müddətdə ümummilli maraqlar və problem hesab etdiymiz bir neçə istiqamət üzrə yetərincə Azərbaycanla əlaqələrdə olub”.

Bunu bayraqdar.info-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib. O, bu fikirləri Azərbaycanın BMT-yə üzvlüyünün martın 2-də tamam olan 30 illiyini (1992-2022) dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, BMT ilə əməkdaşlıqdan danışarkən bu ali beynəlxalq qurumun qəbul etdiyi qətnamələri də vurğulamalıyıq: “Bəlli olduğu kimi, Ermənistan tərəfindən Azərbaycan torpaqlarnın işğalı ilə bağlı qəbul edilmiş bu qətnamələr uzun illər icra edilmədi. Yalnız 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan ordusu qətnamələrin icrasını da təmin etdi. Təbii ki, qətnamələrin icra olunmaması öz növbəsində BMT-nin bəzi məsələlərdə qətiyyətli mövqe tutmadığına işarə edir. Bu isə onun nüfuzuna zərər vurur. Buna görə də bu beynəlxalq qurumda iclahatların zəruriliyi meydana gəlib. Onu da deyim ki, Azərbaycan Prezidenti İlham Əliyev son illərdə bir neçə dəfə bu qurumda islahatların aparılmasına dair təkliflər irəli sürüb. Bu təkliflərin reallaşması BMT-nin nüfuzunun artmasına xidmət edə bilər”.

O da vurğulanıb ki, ötən müddət ərzində Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara, 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində əksini tapmış məqsədlərin icrasına, insan hüquqlarının qorunması və təşviqi sahəsində beynəlxalq fəaliyyətə və ənənəvi və yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizəyə dəyərli töhfələr verib.

Y.Hacıyevanın sözlərinə görə, Azərbaycanın BMT daxilində uğurlu addımları, BMT ilə sıx əməkdaşlığı COVID-19 pandemiyası zamanı da özünü göstərib: “Məlum olduğu kimi, COVID-19 pandemiyasının ortaya çıxdığı ilk vaxtlardan başlayaraq Azərbaycan Respublikası, Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi, BMT çərçivəsində pandemiyaya qarşı mübarizədə birgə məsuliyyət, gücləndirilmiş həmrəylik və beynəlxalq əməkdaşlığı təşviq edən qlobal əhəmiyyətli mühüm təşəbbüslərlə çıxış edib. Dünya əhalisinin sağlamlığına və bu qlobal bəlaya qarşı vahid mübarizəyə xidmət edən belə təşəbbüslər beynəlxalq aləm tərəfindən dəstəklənir və təqdir olunur. Biz bu sırada Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər əsasında keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasını, COVID-19 əleyhinə peyvəndlərə bərabər, ədalətli və universal əlçatanlığın təmin edilməsi mövzusunda 2021-ci il ərzində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyasında qəbul edilmiş qətnamələri və pandemiyadan sonrakı qlobal bərpa məsələlərinə həsr olunan digər təşəbbüsləri qeyd edə bilərik. Heç şübhəsiz, bu sadalananlar Azərbaycanın BMT-nin nümunəvi və fəal üzvü kimi beynəlxalq əməkdaşlıqda mühüm və nümunəvi rol oynadığından xəbər verir” .

Politoloq qeyd edib ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın BMT daxilində fəallığı özünü postpandemiya dövrü ilə bağlı irəli sürülən təşəbbüs və atılan addımlarda da göstərir: “Yeri gəlmişkən fevralın 25-də BMT Baş Assambleyası sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev milli təmsilçi və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxış edib. Cənab Prezidentin həmin çıxışında qeyd etdiyi “Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Hərəkatımız post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək” sözləri də deyilənləri təsdiqləyir. Dövlət başçısı çıxışında onu da deyib ki, indi biz post-COVID-19 dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində işləyirik. Göründüyü kimi Azərbaycan pandemiya dövründə olduğu kimi, postpandemiya dövründə də fəal, təşəbbüskar və məsuliyyətli dövlət kimi fərqlənir”.

Qeyd olunub ki, Azərbaycan həm də BMT-nin üzvü olan dünyəvi, demokratik ölkə kimi də fərqlənir: “BMT-nin islam dünyasında həyata keçirdiyi layihələrdə Azərbaycan yaxından iştirak edir. Onu da deyim ki, bu layihələrin reallaşmasında Heydər Əliyev Fondunun da xüsusi rolu var. BMT-nin müvafiq qurumları ilə məhsuldar əməkdaşlıq əlaqələrinə malik Fondun dediyimiz istiqamətdəki fəaliyyəti də təqdirəlayiqdir və ölkəmizin BMT daxilində nüfuzunun daha da artmasına xidmət edir”.

Mission News Theme by Compete Themes.