Press "Enter" to skip to content

Siyasi analitik: Ukraynanı xilas etmək lazımdır

Gülsel Səfərova

Son yeniləmə: 1 Mart 2022 14:02

Bayraqdar.info – Artıq 6-cı gününə daxil olmuş Rusiya-Ukrayna müharibəsi dünya gündəminin bir nömrəli məsələsi olaraq qalır. Bu, sadəcə iki ölkə arasındakı savaş deyil, həm də böyük güclərin böyük qarşıdurmasıdır. O baxımdan dünyanın diqqət kəsilməsi başadüşüləndir.

Azərbaycanda da Rusiya-Ukrayna savaşına yüksək diqqət göstərilir. Bu baxımdan siyasi analitik Gülsel Səfərovanın fikirləri də maraqlıdır. O, bayraqdar.info-ya verdiyi özəl açıqlamada diqqət çəkən məqamlara toxunub.

“Rusiya-Ukrayna müharibəsi daha çöx Qərb və Rusiya arasında olan münaqişə kimi xarakterizə olunmalıdır. Tarixən xarici faktorlardan asılı vəziyyətə düşən dövlətlər savaş məkanına çevrilir. Ukrayna kimi. Faktiki olaraq Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar özünü çox gözlətməsə də onların tam təsiri yaxın 3 ay ərzində hiss ediləcəkdir. O halda Ukraynanın taleyi necə olacaq? Ukrayna Azərbaycana müttəfiq ölkədir. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 44 günlük vətən müharibəmizdə də birbaşa dəstəyini nümayiş etdirib. Biz də maraqlarımız çərçivəsində dəstəyimizi göstəririk. Bundan sonra da belə olacağına inanıram”, – deyə G.Səfərova bildirir.

Siyasi analitik daha sonra qeyd edir ki, “Prezident Vladimir Putinin bəyanatlarından məlum olur ki, Rusiya hücüm əməliyyatlarını Qərb tərəfindən təcrid olunacağını düşünərək həyata keçirir. Fevralın 28-də V.Putinin sözçüsü Dmitri Peskov “Euronews”a müsahibəsində qeyd edib ki, bizim bu sanksiyalara dözmək üçün uzunmüddətli planımız var. Artıq Rusiya da alternativ olaraq Qərbə sanksiyalar tətbiq edir. Bütün bunlara baxmayaraq Ukraynada vəziyyət gündən-günə pisləşir. Hətta fürsətdən istifadə edən dələduzlar küçələrdə əllərində silahla gəzib insanlara hücum çəkir, evlərə girib oğurluq edirlər”.

Rusiya Ukraynanı öz “əyaləti” hesab edir

“Avropa İttifaqının rəsmiləri bildirib ki, biz 1 milyona yaxın Ukraynalı qaçqını qəbul edə bilərik. Bu o deməkdir ki, digərləri öz çarələrinə baxsınlar. 40 milyona yaxın əhalinin 1 milyonu ümumi əhalinin cəmi 2,5 faizini təşkil edir. Deməli burada Ukrayna Qərbin Rusiyaya qarşı olan çoxdankı nifrətinin qurbanına çevrilir. Rusiya Ukraynanı öz “əyaləti” hesab edir. Avropa Kommisiyasının Prezidenti Ursula Fon der Layen də bildirir ki, Ukrayna bizdən biridir. Kəsişən nöqtə də elə odur.” G.Səfərova belə deyir.

Müsahibimiz daha sonra əlavə edib: “Bəllidir ki, Rusiya hökuməti üçün milli mənafeləri beynəlxalq hüquqdan sonra gəlir. Rusiya keçmiş SSRİ-ni bərpa etmək fikirlərini təkzib etsə də post-Sovet məkanında əsas təsirini saxlamaq üçün yumşaq güc hesabına əlindən gələni edir. Bu və ya digər şəkildə istəyinə nail də olur. Qazaxıstanda olan son hadisələrdə Rusiyanın həyata keçirdiyi siyasətdə bütün bunların şahidi olduq”.

“Müharibənin 6-cı gününü yaşayırıq. Ukraynanın Aİ-yə üzv olmaq məsələsi, qaçqınların böyük həvəslə qarşılanıb yerləşdirilməsi ilə bağlı xarici məbuatda materiallar yerləşdirir. Lakin Rusiyaya qarşı sanskiyalar hər dəqiqə itirilmiş canları və infrastrukturu geri qaytarmayacaq. Əsas məsələ də budur. Ukraynanı xilas etmək lazımdır”, – deyə G.Səfərova sözlərinə yekun vurub.

Mission News Theme by Compete Themes.