Press "Enter" to skip to content

Rusiyanın SWIFT-dən çıxarılmasının Azərbaycana təsirləri – ÖZƏL

Millət vəkili Vüqar Bayramov

Son yeniləmə: 1 Mart 2022 14:00

Bayrqdar.info – “Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycana təsirləri son günlər daha çox müzakirə edilən məsələlərdəndir. Bütövlükdə, iqtisadi baxımdan sanksiyalar həmin ölkənin əməkdaşlıq etdiyi digər dövlətlərə təsirsiz ötüşmür”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bayraqdar.info-ya açıqlamasında bildirib.

Millət vəkilinin sözlərinə görə, Rusiya idxalda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

“İki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara yaxındır. Pandemiya səbəbindən bu dövriyyə 2020-ci ildə 2 milyard 671 milyon dollar olub. Həmin il Rusiyaya məbləği 710 milyon dollara yaxın olan məhsul göndərmişik. 2021-ci ildə isə ümumi ixracatımızın 4.1 faizi Rusiyanın payına düşüb. Qeyri-neft ixracatımızın 32.3 faizi də Şimal qonşumuzun payına düşür”, – deyə V..Bayramov bildirib.

Deputat vurğulayır ki, ümumi ixrac, yəni ölkəyə daxil olan valyutada Rusiyanın payı yüksək deyil və hətta 5 faizə belə çatmır. Amma turizm istisna olunmaqla neftdən kənar sektorlardan daxil olan valyutanın 1/3-i Rusiyadan daxil olur. Bu isə o deməkdir ki, Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək, amma qeyri-neft sektoru üzrə daxilolmaları azalda bilər: “Sanksiyaların, xüsusən də SWIFT-dən uzaqlaşdırmanın Rusiya iqtisadiyyatını zəiflədəcəyi gözləniləndir. Artıq rublun rəsmi məzənnəsi ilə real, yəni bazar kursu arasında kəskin fərq yaranıb. Ukrayna ilə müharibə davam etdikcə isə sanksiyaların dairəsi genişlənir və potensial mənfi iqtisadi təsirlər artır. Rublun zəifləməsi fonunda Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşəcəyi də gözləniləndir. Bu isə Rusiyada idxalın azalmasına səbəb olacaq. Bu kontekstdən Azərbaycanın Rusiyaya ixracatında da azalmaların olacağı istisna deyil. Digər tərəfdən, Rusiyanın oxşar kənd təsərrüfatı məhsulları idxal etdiyi əsas ölkələr hələlik sanksiyalara qoşulmadığı üçün qadağalar Azərbaycan sahibkarları üçün Şimalda əlavə imkanlar yaratmayacaq. Əksinə, alıcılıq qabiliyyətinin azalması Rusiyada idxal məhsullarına tələbi azaldacaq.

“Aydındır ki, sanksiyalar Rusiyada yaşayan həmyerlilərimizə də təsirsiz ötüşməyəcək. Bu isə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı anlamına gəlir. Qeyd edək ki, il ərzində fərqli vasitələr ilə Rusiyadan Azərbaycana 1 milyard dollardan artıq vəsaitin göndərildiyi güman olunur.

“Rusiyaya tətbiq edilən sanksiyalar bir daha təsdiq edir ki, sahibkarlarımızın alternativ bazarlara çıxış imkanlarının genişləndirilməsi çox vacibdir. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlada, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcmini artırmaqla bazarların şaxələndirilməsinə ehtiyac var”.

SWIFT nədir və ölkələr ondan necə istifadə edir?

Açıq mənbələrdəki məlumatlara görə, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) pulun bir hesabdan digərinə köçürülməsinə imkan verən beynəlxalq maliyyə strukturudur.

1973-cü ildə yaradılmış, baş ofisi Brüsseldə yerləşən sistemin 200 ölkədən toplam 11 min üzvü (maliyyə institutu və banklar) var. Amma SWIFT klassik bank deyil. Bu, istifadəçilərə köçürülən pulun bir hesabdan çıxıb digərinə daxil olduğunu xəbər verən onlayn rejimli mesajlaşma sistemidir. Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında əl dəyişir. SWIFT mesajlarının 1 faizindən çoxunun Rusiyaya aid ödənişlərlə əlaqəli olduğu təxmin edilir.

SWIFT heç bir qurumun beynəlxalq ödəniş sistemi yaratmasını və bu sahədə monopolist olmasını istəməyən Amerika və Avropa banklarının birgə qurduğu sistemdir. 2 mindən çox bank və maliyyə institutu SWIFT şəbəkəsinin ortaq sahibidir.

Mission News Theme by Compete Themes.