Press "Enter" to skip to content

Qərbin Ukraynanı silahlandırması onun üstünlüyü ilə nəticələnə bilər

Rusiya-Ukrayna müharibəsi

Son yeniləmə: 1 Mart 2022 16:39

Bayraqdar.info – “Rusiya və Ukraynanın hərbi güc balansını müqayisə etmək doğru olmaz. Rusiya daha artıq canlı qüvvə və hərbi qüdrətə malik olan bir ölkədir. Sadəcə olaraq, hazırkı müharibədə hərbi əməliyyatlarda balansın müəyyənləşdirilməsi, analiz edilməsi fərqli yanaşma ilə müqayisə edilməlidir. Nəzərə almalıyıq ki, Ukrayna öz ərazisində döyüşür. Rusiya silahlı qüvvələri isə onun üçün xəritədə cızılmış bir formatda əməliyyatlar aparır. Bu baxımdan Rusiya ordusu üçün müəyyən çətinliklər var. Buna görə də Rusiya daha böyük qoşunla hərbi əməliyyatlara cəlb edilib. Əslində, reallıqda hazırda biz birmənalı söyləyə bilmərik ki, burada üstünlük hansı tərəfdədir. Çünki Rusiya da kifayət qədər irəliləyib. Müəyyən strateji ərazilərdə üstünlük qazanıb. Ən böyük üstünlük isə Xarkov, Kiyev və Qara Dəniz istiqamətində əldə edilib. Belə görünür ki, Rusiyanın əsas məqsədi Kiyev istiqamətində güclənərək şəhəri mühasirəyə almaq və nəzarəti tam ələ keçirməkdir”.

Bu sözləri Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli bayraqdar.info-nun əməkdaşı ilə Rusiya-Ukrayna məsələlərində güc balansı ilə bağlı olan söhbətində bildirib.

Ramil Məmmədli

Ekspertin fikrincə, Avropa Birliyinin və digər ölkələrin Ukraynaya hərbi yardım göstərməsi Ukraynanın, onun ordusunun möhkəmlənib duruş gətirməsi üçündür. Yaranmış vəziyyətdə bu, Ukraynaya çox lazımdır.

R.Məmmədli deyir: “Hətta deyərdim ki, bu yardım bir qədər gecikib. Əslində, burada Ukrayna dövlətinin ciddi çatışmazlıqları mövcuddur. Bu günə qədər artıq Ukrayna öz müdafiəsini təşkil etməli idi. Həmçinin, hərbi əməliyyatların qarşısını almaq, kəşfiyyat-təxribat qruplarının zərərsizləşdirilməsi üçün Ukrayna ordusunun, Ukrayna dövlətinin aidiyyəti qurumlarının ciddi tədbirlər görməsinə ehtiyac var. Lakin bunların heç biri reallaşmadı və olmadı.

“Belə olan təqdirdə Ukrayna bu günkü vəziyyətlə qarşı-qarşıyadır. İndi Avropa və Qərbdən Ukraynaya göndərilən silah və sursatlar yalnız və yalnız əks hücum üçün istifadə edilən vasitələrdir. Daha açıq desək, Ukrayna ordusu, silahlı qüvvələri, güc strukturları Rusiyanın Ukrayna ərazisinə daxil olmasına qədər artıq bu məsələləri həll etməli idilər. Problem budur. Həm də Avropa Birliyinin və ya Qərbin Ukraynanı silahlandırması onun bir qədər üstünlüyü ilə nəticələnə bilər. Təbii ki, bu da Ukrayna silahlı qüvvələrinin şəxsi döyüş bacarığı ilə bağlı olan bir məsələdir”.

Mission News Theme by Compete Themes.