Son yeniləmə: 1 Mart 2022 11:13
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Oyun” Teatr-studiyasının əməkdaşlığı çərçivəsində “Solğun sevgilər” tamaşasının təqdimatı olub. Görkəmli dramaturqumuz Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı əsasında hazırlanan tamaşanın təqdimat mərasimində hökümət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş çəmiyyətinin nümayəndələri iştirak edib.
Bu barədə bayraqdar.info-ya martın 1-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılşı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini birləşdirən ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü nəticəsində yaradılan Mərkəzdə xalçaçılıq, tikiş, toxuma, metal və ağac üzərində oyma, təsviri sənət, keramika, floristika, landşaft dizaynı, musiqi, audio-səsyazma və s. studiyaları, inzibati otaqlar, kitabxana fəaliyyət göstərir. Həmin bölmələrdə əlilliyi olan şəxslərin müvafiq istiqamətlərdə peşə bacarıqlarının inkişafına dəstək işləri aparılır.
Mərkəzdə teatr quruluşları, müxtəlif musiqili konsert proqramları və s. üçün 121 yerlik auditoriya da fəaliyyət göstərir. Bir qədər əvvəl auditoriyada ilk tamaşa təqdimatı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ƏSA Teatrı tərəfindən hazırlanmış “And” tamaşası təqdim edilib.
Növbəti tamaşa isə “Solğun sevgilər” tamaşasıdır. Tamaşa insanları sevginin saflığını uca tutmağa çağırır, sədaqəti, səmimiyyəti, ülvi duyğuları təbliğ edir.
Qeyd edilib ki, Nazirliyin dəstəyi ilə 2018-ci ilin dekabrından başlayaraq ƏSA Teatrı tərəfindən “Göy quş” tamaşası, “Nəsimi ili”nə bir töhfə olaraq “Nəsimi” antreprizası, “And” tamaşaları hazırlanaraq uğurla təqdim olunub.
2019-cu ildə isə Nazirliyinin dəstəyi ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərdən ibarət “Oyun” Teatr-studiyası da yaradılıb. Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə, birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını çatdırmaqdır.
“Solğun sevgilər” tamaşanın yaradıcı heyətinin əksəriyyəti əlilliyi olan şəxslərdir. Yeniyetmə, uşaq və gənclərin rol aldığı tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.