Press "Enter" to skip to content

Yodun orqanizmə az daxil olması zob xəstəliyi yaradır

Həkim endokrinoloq Hidayət Məmmədzadə

Son yeniləmə: 28 Fevral 2022 13:48

Bayraqdar.info – Zob müalicə oluna bilən və daimi kontrol tələb edən xəstəlikdir. Bayraqdar.info-nun bu dəfəki həmsöhbəti endokrinoloq-həkim Hidayət Məmmədzadə zob xəstəliyindən danışır.

“Qalxanabənzər vəz (tiroid vəzi) boynumuzun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan kiçik bir daxili sekresiya vəzisidir. İfraz etdiyi, orqanizm üçün böyük fizioloji əhəmiyyətə malik hormonlarla orqanizmin yaşama tempi-metabolizma, böyümə, inkişaf və s. tənzim olunur. Hazırda endokrinologiyanın xüsusi bölməsi olan “tiroidologiya” məhz qalxanabənzər vəzin xəstəlikləri ilə məşğul olur. Qalxanabənzər vəzin hazırladığı hormonun sekresiyası azalarsa orqanizmin iş qüvvəsi azalar, artıq sekresiya olunarsa artar. Qalxanabənzər vəzin xəstəlikləri özünü – vəz funksiyasının artması (hipertireoz), azalması(hipotireoz) və ya dəyişməməsi (eutireoz) şəklində göstərir. Qalxanabənzər vəzin iltihab və xərçəngdən başqa bir səbəblə böyüməsinə zob (ur) deyilir”, – deyə həkim bildiir.

Endokrinoloqun sözlərinə görə, hormonların artıq sekresiya olunduğu toksiki zoblarda: halsızlıq (əsas əlamətdir), əllərdə əsmə-tərləmə, ürək döyüntüsü, əsəbilik, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması (dombalangözlük), ishal, iştahanın artmasına rəğmən çəkinin artmaması, səbəbsiz ağlamalar,aybaşı pozulmaları kimi əlamətlər olur.

Hormonların az sekresiya olunduğu vəziyyətlərdə: hərəkətlərdə yavaşıma, saçlarda quruma, tökülmə, dəridə soyuqluq və quruma, aybaşı pozulmaları, piylənməyə meyillik, qəbizlik, özünə qapanma, depressiya, ödemlər və s. olur.

Hormonal tarazlıq pozulmayan tiplərdə: sadəcə olaraq qalxanvari vəzidə böyümə və ya düyün (estetik cəhətdən görünüşdə problem və s.) olur.

H.Məmmədzadə vurğulayır ki, tiroid hormonlarının sintezində vacib kimyəvi element yoddur. Normada orta yaşlı sağlam insanların gündəlik yoda olan təlabatı 120-300 mkq-dır. Gün ərzində 100 mkq-dan az miqdarda yodun orqanizmə daxil olması, qalxanabənzər vəzin böyüməsinə (hiperplaziya), beləliklə, zob xəstəliyinin inkişafına səbəb olur. Yəni, qalxanabənzər vəz yod defisitinə kompensator olaraq böyümə ilə cavab verir. Yod defisitini müəyyən etməyin ən ideal yolu sutkalıq sidikdə xüsusi labaratoriyalarda sidiklə xaric olan yodun təyin edilməsidir.

Xəstəliyin profilaktikasında kalium yodid əlavə olunmuş xörək duzundan istifadə olunur. Xəstəliyin yaranmasında isə başlıca rol irsiyyət, xəstəliyə genetik yaxınlığa bağlıdır. Burada əsəb-sinir sisteminin rolu, xroniki stres reaksiyaları, immuniniteti də unutmaq olmaz.Qadınlarda xəstəlik kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir. Zob xəstəliyinin inkişafında hamiləliyin, xüsusi təkanverici rolu vardır. Hamiləlik zamanı xəstələrin xüsusi kontrolu və təqibi çox vacibdir. Qadın və kişi sonsuzluğunda da bəzən əsas səbəb olaraq, qalxanabənzər vəzin xəstəlikləri araşdırılmalıdır. Praktikada bəzən uzun zaman sonsuzluq problemi ilə əlaqədar xeyli müddət səmərəsiz müalicə almış xəstələrdə araşdırma zamanı “zob” sürprizi ilə rastlaşırıq.

Həkim qeyd edir ki, qalxanabənzər vəzin xəstəlikləri uşaqlara da aiddir. Uşaqlarda anadangəlmə zob xəstəliyini aşkar etmək üçün yenidoğulmuşlarda topuq qanından götürülən hormon analizlərindən (TSH) istifadə edirik. Pediatrik praktikada əgər uşaqda dil böyüklüyü, səsdə kobudluq və qalınlaşma, piylənmə, boy qısalığı, boğulma hissi, cinsi inkişafda problemlər, əqli inkişafda gerilik, ödemlər və ya bu əlamətlərdən hansı birisə varsa, mütləq qalxanabənzər vəzin xəstəliklərini araşdırmaq lazımdır. Vaxtında diaqnostika edilməyən və buna görə də düzgün müalicə edilməyən uşaqlarda sonralar boy qısalığı, ağıl kəmliyi (kretinizm) kimi ağır fəsadlarla üzləşə bilərik.

Endokrinoloqun sözlərinə görə, əsasən piylənməsi olan və saxladığı dieta və etdiyi idmana rəğmən arıqlaya bilməyən, yaxud əksinə yaxşı iştahasına rəğmən kilo verən, gündən-günə arıqlayan şəxslər, saç tökülməsindən əziyyət çəkənlər, ürəkdöyüntüsü, əllərində əsmələri, boğulma hissi olanlar, əl-ayaq, göz ətrafında şişkinliyi olan və səbəbindən baş açmayan pasientlərimiz, adət pozğunluğu və ya sonsuzluq problemi yaşayanlar mütləq qalxanabənzər vəzin müayinəsin aparmaq üçün endokrinoloqa müraciət etməlidirlər. Sadəcə olaraq xəstə ilə söhbət və dəqiq toplanmış anamnez, qandakı hormonların miqdarını təyin etmək və qalxanvari vəzin quruluşunu, böyüməsini, düyünləri varsa əlləmə və ulturasəs müayinəsi (USM) etmək diaqnozu qoymaq üçün kifayət edir. Bu testlərdən sonra ehtiyac olarsa, radioizotop skanerləşdirmə (sintiqrafiya) – qalxanabənzər vəzidə izotopun toplanma xüsusiyyətinə əsaslanan müayinə tətbiq edilir. Bu üsulla düyünün funksional xarakteri müəyyən edilir. Düyünlü zoblarda aspirasyon incə iynə biopsiyası və xərçəng şübhəsi varsa,yaxud boyun limfa düyünlərinin vəziyyətini öyrənmək üçün kompyüter tomoqrafiya və maqnit-rezonans tomoqrafiya üsulları da tətbiq edilir. Ehtiyac olduğu hallarda autoimmun prosesləri dəqiqləşdirmək üçün qandakı antitellər də təyin edilməlidir.

Mission News Theme by Compete Themes.