Press "Enter" to skip to content

Xaçmazda “Açıq qapı sərgi-satış yarmarkası”

Son yeniləmə: 28 Fevral 2022 15:04

Bayraqdar.info – “Aqroservis” ASC fermerlərin texnika alışına olan əlçatanlığı təmin etmək, məsafə, vaxt itkisinin və bu prosesdə sərf edilən əlavə vəsaitlərin qarşısının alınması məqsədilə Xaçmaz Regional Nümayəndəliyində texnika satışına başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, indiyədək Səhmdar Cəmiyyətin yalnız 3 yerdə Şirvan, Ucar rayonlarında və Gəncə şəhərində texnika satış mərkəzi fəaliyyət göstərirdi.

“Ölkənin şimal rayonları xüsusilə, kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə məşğulluğun daha çox olduğu şimal bölgəsində fermerlər artıq uzaq məsafəyə getmədən və zaman itirmədən “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində istənilən növ müasir, innovativ texnika və avadanlığı əldə edə biləcəklər.

“Bu məqsədlə martın 4-də Xaçmaz Regional Nümayəndəliyində “Açıq qapı sərgi-satış yarmarkası” keçiriləcək. Yarmarkada fermerlər müxtəlif növ texnika ilə tanış ola, onları sınaqdan keçirə və ala biləcəklər. Yarmarkaya çıxarılan texnikaların operativ şəkildə mərkəzi ofisə gəlmədən 40 faiz güzəştlə lizinq və nağd yolla satışı təşkil ediləcək. Açılış günü fermerlərə müxtəlif aksiya və kampaniyalar də təklif edilir.

“Satış mərkəzində nümayiş olunan bütün texnikalar bazar qiymətlərindən 10 faiz endirimlə satılacaq. “Açıq qapı” günündə isə xüsusi olaraq bir neçə adda texnikaya əlavə 5 faiz endirim olmaqla bazar qiymətlərindən 15 faiz aşağı təklif edilir. Bundan başqa, müxtəlif aqreqatların alışı zamanı 2 illik zəmanət, 1 illik texniki baxış, 1 illik “AgroUber” mobil platformasından ödənişsiz istifadə imkanı, çatdırılma, quraşdırma və texnikanın istifadə qaydalarına dair təlim hədiyyə ediləcək.

“Açıq qapının keçirilməsində əsas məqsəd qarşıdakı yeni becərmə və məhsul yığımı mövsümündə fermerlərin yeni innovativ texnikalarla tanış olmasına şərait yaratmaq, onların texnikalara əlçatanlığını təmin etmək, fermerlərlə təchizatçılar arasında əlaqələrin qurulmasına yardım etmək, bu sahədə məlumatlandırma aparmaqdır.

“Tədbir saat 11:00-dən başlayıb, 1 gün davam edəcək. Ətraflı məlumat almaq və iştirak etmək istəyənlər 1659 “Satış mərkəzinə müraciət edə bilərlər”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.