Son yeniləmə: 28 Fevral 2022 01:38
Zaur Bayramlı: Rusiyanın ABŞ-dakı səfirliyinin qarşısında və Ağ evin yanında keçirilən aksiyalarda soydaşlarımız da fəal şəkildə iştirak ediblər
Bayraqdar.info – Rusiyanın Ukraynaya işğalçı hücumu dünyada böyük etirazlara səbəb olub. Fevralın 26-da ABŞ-ın paytaxtı Vaşinqtonda, Konqresin binasının qarşısında ölkənin müxtəlif bölgələrində yaşayan azərbaycanlıların iştirakı ilə etiraz aksiyasının keçirildiyi barədə xəbər vermişdik.
Öz növbəsində fevralın 27-də Rusiyanın işğalçılıq siyasətinə etiraz məqsədi ilə daha iki aksiya keçirilib.
Bu barədə bayraqdar.info-ya ABŞ-da yaşayan diaspor fəalı Zaur Bayramlı məlumat verib.
İlk aksiya Rusiyanın Vaşinqtondakı səfirliynin qarşısında olub
Onun sözlərinə görə, ilk aksiya yerli vaxtla saat 12:00-da Rusiyanın Vaşinqtondakı səfirliynin qarşısında olub: “Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukraynaya dəstək aksiyasında ukraynalılarla yanaşı güneyli, quzeyli Azərbaycandan da soydaşlarımız öz bayraqları ilə iştirak edirdilər”.
Aksiyaya ruslar da qoşulub
O, qeyd edib ki, aksiya iştirakçıları əllərində Rusiyanın hərbi təcavüzünü pisləyən şüarlar tutmuşdular. Eyni zamanda aksiya iştirakçıları suveren dövlətə hərbi müdaxiləyə son qoyulmasını tələb edən şüarlar səsləndiriblər: “Bir maraqlı nüansı da qeyd etmək istəyirəm. Belə ki, bir qrup rus də gəlib aksiyaya qoşuldular. Onlar Vladimir Putinə etiraz edərək, Ukrayna xalqı ilə həmrəy olduqlarını bildirdilər”.
Z.Bayramlı deyib ki, bu aksiya bir neçə il öncə qətlə yetirilən rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlinin ildönümünə təsadüf edirdi: “Həmin ruslar da B.Nemtsovun qətlinə görə Vladimir Putinə etiraz üçün aksiya keçiridilər. Beləliklə, sonra onlar da Ukraynaya dəstək aksiyasına qoşuldular”.
Minlərlə insan Ukraynaya dəstəyini nümayiş etdirib
Vaşinqtondakı digər, daha möhtəşəm bir aksiya isə yerli vaxtla saat 14:00-da Ağ Ev yaxınlığında böyük bir meydanda keçirilib. Z.Bayramlı deyib ki, bu aksiyaya minlərlə insan toplaşaraq Ukraynanın haqlı savaşına öz dəstəklərini nümaiş etdiriblər: “Qeyd edim ki, bu aksiyada dünyanın demək olar ki, əksər demokratik, çağdaş xalqlarının bayraqlarına rast gəlmək mümkün idi. Azərbaycanın güneyli və qüzeyli vətəndaşları da bayraqları ilə öz dəstəklərini ifadə etmək üçün Ukraynaya dəstək mitinqinə qatılmışdılar. Onu da deyim ki, bu aksiyada təkcə Vaşinqtonda olan deyil, həmçinin başqa ştatlardan gələn soydaşlarımızla da qarşılaşdıq. Bu aksiya zamanı da müharibənin, həmçinin Putin rejiminin əleyhinə şüarlar səsləndirildi”.
Aksiya iştirakçılarının ABŞ-dan tələbi
Aksiya iştirakçıları eyni zamanda ABŞ-dan Ukraynaya daha güclü dəstək verilməsi tələbini səsləndiriblər: “Müharibəyə dərhal son qoyulması tələbi səsləndi. Həmçinin dinc insanalrın, o cümlədən körpələrin qətlinə son qoyulması tələb edildi. Bütün bu aksiyalar Ukraynanın bu mübariəzədə nə qədər haqlı olduğunu bir daha ortaya qoyur”.