Son yeniləmə: 28 Fevral 2022 11:08
Bayraqdar.info – İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsinin icrasına başlayıb.
Bu barədə bayraqdar.info-ya fevralın 28-də layihənin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi ictimai iştirakçılığı təşviq etməklə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına dəstək göstərməkdir.
C.Hüseynzadə bildirib ki, ölkəmizdə son dövrlər müxtəlif sahələrdə islahatlar aparılmaqdadır. İdarəetməyə yeni baxış formalaşıb. Bu baxımdan paralel olaraq ictimai iştirakçılığın inkişafı da köhnədən qalan bəzi mənfi tendensiyaların aradan qaldırılmasına ictimai töhfə olacaqdır: “Cənab Prezident İlham Əliyev tərəfindən ictimai nəzarətin inkişafı və vacibliyi ilə bağlı mütəmadi çağırışlar olub. Vətəndaş cəmiyyətinin ictimai iştirakçılıqla bağlı mövqeyinin gücləndirilməsi üçün dəstək layihələrinə ehtiyac vardır” .
Onun sözlərinə görə, layihə çərçivəsində Sumqayıt, Şirvan şəhərləri, Salyan və Quba rayonlarında ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbirlər təşkil ediləcək.
Eyni zamanda həmin regionda ictimai iştirakçılığın vəziyyəti ilə bağlı monitorinqlər aparılacaq və reportajlar hazırlanacaq. Həmçinin layihə çərçivəsində ictimai iştirakçılıq haqqında buklet hazırlanaraq vətəndaş cəmiyyəti təşkilatları və dövlət qurumları nümayəndələri arasında paylanılacaq.
Layihənin 3 ay müddətində fəaliyyət göstərməsi nəzərdə tutulub.