Son yeniləmə: 28 Fevral 2022 18:02
Bayraqdar.info – “Nar”ın da dəstək olduğu “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin TED konfransı formatında növbəti görüşü baş tutub.
Bu barədə bayraqdar.info-ya verilən məlumatda deyilir ki, “Yaradıcı düşüncə” mövzusuna həsr olunmuş konfransda məruzəçilər layihənin 6 dəyərlərindən biri olan yaradıcılıq və tənqidi düşüncə haqqında fikirlərini bölüşüblər. Tədbirin spikerləri yaradıcı yanaşma, kreativ və tənqidi düşüncə, innovasiya və təşəbbüskarlığa dair gənclərə təqdimatlar verib öz təcrübələrini bölüşüblər. Qeyd edək ki, layihənin iştirakçıları Bakının müxtəlif rayonlarında yerləşən orta məktəblərdə 11-ci sinifdə təhsil alan 85 şagirddir.
O da bildirilib ki, “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi yüksək bilik və bacarığa malik olan 11-ci sinif şagirdlərini müəyyən edərək, onlar üçün bir il ərzində universitetə hazırlıq, psixoloji dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və tədbirlər təşkil edir. Layihə çərçivəsində “Nar” Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən olan 10 məktəblinin universitet hazırlığı xərclərinin ödənilməsini öz üzərinə götürüb. Məqsəd gənclər üçün təhsil imkanlarını daha da əlçatan edərək onların uğurlu gələcəyinə töhfə verməkdir.
“Nar”ın digər sosial layihələri və KSM strategiyası haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.