Press "Enter" to skip to content

Fermerlərə növbəti subsidiya ödənişləri köçürülüb

Fermer kartı

Son yeniləmə: 28 Fevral 2022 13:43

Bayraqdar.info – Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir. Belə ki, fevralın 28-də AKİA tərəfindən payızlıq əkinlərə görə 18 min 900 fermerə ümumilikdə 30 milyon 600 min manat subsidiya ödənişi həyata keçirilib. Ödənilən subsidiyalar təxminən 140 min hektara yaxın əkin sahəsini əhatə edir. Beləliklə, 2021/2022-ci il üzrə ödənilən əkin subsidiyasının məbləği 92.4 milyon manatı, subsidiya ödənilən əkin sahəsi isə 440 min hektarı keçib.

Kənd Təsərrüfatı Nazirliyindən fevralın 28-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, qeyd edək ki, subsidiyalar “Fermer kartı”larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.

“Həmçinin, AKİA tərəfindən bu gün süni mayalanma yolu ilə alınmış 2 min 97 buzova görə 1 min 579 fermerə 209 min 700 manat subsidiya ödənilib.

“Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir. Subsidiyaların ödənişi davam edəcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.