Son yeniləmə: 28 Fevral 2022 15:46
Bayraqdar.info – “Əgər çağırışlarımıza məhəl qoyulsaydı bu müharibənin qarşısını almaq olardı”.
Bunu Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanı Fahrettin Altun sosial media hesabından etdiyi paylaşımda yazıb.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı paylaşımda bölgədə yeni bir müharibəyə şahid olduqlarını ifadə edən F.Altun bildirib ki, Prezident Recep Tayyip Erdoğan Türkiyənin hər iki ölkə ilə güclü əlaqələri olduğu üçün dəfələrlə Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib: “Həmçinin müttəfiqlərə ortaq mövqe nümayiş etdirməyə çağırıb. Türkiyə olaraq mövcud vəziyyətin qarşısını almaq üçün diplomatik səviyyədə əlimizdən gələni etdik. BMT sistemində islahatlarla bağlı çağırışlarımıza məhəl qoyulmadı və bunun ağır nəticələrini son böhranda gördük. Əgər çağırışlarımıza məhəl qoyulsaydı bu müharibənin qarşısını almaq olardı”.
F.Altun dəfələrlə diplomatik həll üçün çağırış etdiklərini, lakin müharibənin hazırda bir reallıq kimi qarşılarında dayandığını xatırladıb.
O, beynəlxalq birliyin bir sıra regional və qlobal məsələlərdə birlik olmamasının eynilə Rusiya və Ukrayna böhranında olduğu kimi böyük problem olduğunu vurğulayıb:”Bu münaqişə bizi iki faciə ilə üz-üzə qoyur. Birincisi, münaqişənin humanitar tərəfidir. Türkiyə bu məsələdə nə lazımdırsa edəcək. Digər regional qarşıdurmalarda olduğu kimi indi bu sahədə ilk təşəbbüskarlardan olacağıq. İkincisi isə reallığa qarşı amansız hücumlardır. Biz bu vəziyyətin də fərqindəyik. Dezinformasiya və yanlış məlumatlandırma kampaniyalarının qarşısını almaq üçün çalışırıq. Bu informasiya müharibəsində mənbəyindən asılı olmayaraq həqiqətin yanında olacağıq. Türkiyənin siyasəti ilə bağlı çoxlu spekulyasiyalar və şərhlər edilir”.
Qeyd edilib ki, Türkiyənin diplomatik addımları və müttəfiqləri ilə koordinasiyası hər zaman münaqişənin tez və sülh yolu ilə həll edilməsinə yönəlib: “Buna heç kimin şübhəsi olmasın. Türkiyə diplomatiyanın konstruktiv, yaradıcı gücünə inanır və hər böhranda bütün diplomatik variantlardan maksimum istifadə etməyə çalışmaqdadır. Bu son münaqişə həm uğursuz, həm də lazımsızdır. Biz bu müharibənin indiki və uzunmüddətli nəticələrinin qarşısını almağa çalışacağıq”.
İletişim Başkanı @fahrettinaltun’dan, Rusya'nın Ukrayna'ya saldırısına ilişkin açıklama 👇🏻 pic.twitter.com/sm1WELnFzY
— T.C. İletişim Başkanlığı (@iletisim) February 27, 2022