Son yeniləmə: 28 Fevral 2022 17:55
Bayraqdar.info – “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi martın 31-dək davam edir. Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilir ki, Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsi ilə bağlı müraciət edib. Müraciətdə deyilir:
“Əziz dostlar, artıq ikinci dəfədir ki təşkil olunan, sizə öz bilik-bacarıqlarınızı və qabiliyyətinizi göstərməyə şərait yaradan “Yüksəliş” müsabiqəsi cəmiyyətimizə bir çox istedadlı idarəçiləri tanıtdı. Bu gün Azərbaycan öz tarixinin ən şanlı və məsuliyyətli dövrünü yaşayır. Həm ümumi sosial-iqtisadi və mədəni inkişaf, həm də işğaldan azad olunmuş ərazilərə şanlı qayıdış ölkə rəhbərliyi, Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş ən ali məqsədlərdəndir. Bu proseslərdə xüsusi idarəetmə bacarığı ilə seçilən insanlara böyük önəm verilir. Mən hər birinizi özünə güvənməyə və artıq öz potensialını təsdiqləmiş “Yüksəliş” müsabiqəsinə qatılmağa çağırıram”.
Nazirliyin məlumatında qeyd edilir ki, fevralın 17-dən etibarən ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə başlanılıb. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
“Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı vasitəsilə həyata keçirilir. “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı müvafiq Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub”, – deyə məlumatda vurğulanır.