Son yeniləmə: 28 Fevral 2022 11:52
Bayraqdar.info – İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri davam edir.
Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya fevralın 28-də bildirildiyinə görə, yarışın üçüncü günündə – fevralın 26-da qadınlardan ibarət millimizin 4 üzvü mübarizəyə qoşulub.
Təmsilçi Türkan Nəsirova (50 kq) ilk mərhələdə tunisli Sara Hamdiyə uduzub – 0:6. Tatyana Varansova (53 kq) səkkizdəbir finalda qazaxıstanlı Jıldız Yeşimovaya yenilib – 1:3.
“Turnirdə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik ilk görüşdə moldovalı son Avropa çempionu Anastasiya Nikitaya məğlub olub – 0:2. Ancaq rəqibin finala yüksəlməsi A.Kolesnik üçün bürünc medal qazanmaq şansı yaradıb. Təmsilçi həlledici görüşdə rumıniyalı Katerina Jidaçevskaya ilə qarşılaşıb və rəqibinə 8:2 hesabıyla qalib gələrək üçüncü yeri tutub.
“Elis Manolova (65 kq) başlanğıcda türkiyəli Gülsüm Bingölə heç bir şans tanımayıb (11:0) və dörddə bir finala yüksəlib. Təmsilçi rusiyalı Mariya Kuznetsovayla gərgin idman mübarizəsi şəraitində keçən görüşdən də qalib (6:5) ayrılaraq adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının bürünc medalçısı Forrest Molinariyə (ABŞ) uduzan E.Manolova bürünc medal uğrunda görüşdə ABŞ-ın digər təmsilçisi Emma Bruntilə 2:3 hesabı ilə məğlub olaraq beşinci yerlə kifayətlənib”, – deyə xəbərdə bildirilir.