Press "Enter" to skip to content

Bu, ötən əsrin ən qanlı cinayətlərindən biridir

Son yeniləmə: 27 Fevral 2022 12:36

Peru mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc edilib

Bayraqdar.info – Perunun nüfuzlu La RazonPrensa 21 xəbər portallarında Xocalı soyqırımından bəhs edilib. Belə ki, həmin portallarda işğaldan azad edilmiş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Karlos Linaresin Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalı soyqırımı: ədalətin üz çevirdiyi xalq” sərlövhəli məqaləsi yayılıb.

Bu barədə bayraqdar.info-ya fevralın 27-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, 30 il əvvəl Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən və azərbaycanlı əhalinin, o cümlədən qadınların, uşaqların və yaşlıların kütləvi şəkildə qətlə yetirilməsi, əsir götürülməsi, yaxud itkin düşməsi ilə müşayiət olunan qətliam ötən əsrin ən qanlı cinayətlərindən biridir.

Heç bir hüquqi əsasa söykənməyən ərazi iddiaları ilə Azərbaycan torpaqlarını işğal etməyə çalışan Ermənistan ordusu tərəfindən işğalçı dövlətin rəhbərliyinin göstərişi ilə törədilmiş Xocalı qətliamı zamanı mülki əhaliyə qarşı tətbiq edilmiş amansız qəddarlığın azərbaycanlılar arasında qorxu yaratmaq və müharibənin gedişatında strateji üstünlük əldə etmək məqsədi daşıdığını vurğulayan müəllif Ermənistanın 1994-cü ilə qədər Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini və 1 milyona yaxın insanı etnik təmizləməyə məruz qoyduğunu diqqətə çatdırıb.

Qətliam zamanı günahsız insanlara qarşı törədilmiş xüsusi vəhşiliklərin beynəlxalq insan hüquqları təşkilatları və media qurumları tərəfindən real faktlarla qeydə alındığını bildirən müəllif, bu xüsusda faciəvi hadisələrin canlı şahidi olmuş əcnəbi media nümayəndələrinin xatirələrindən, habelə Ermənistanın keçmiş prezidenti və qətliamın əsas günahkarlarından olan Serj Sarkisyanın etiraflarından sitatlar gətirib, bütün bunlara rəğmən, cinayətkarların hələ də layiqli cəzalarını almadığını vurğulayıb.

Məqalədə, həmçinin Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınmasından bəhs edilib. Bu xüsusda, 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası haqqında məlumat verilib, habelə bu günədək Peru, Meksika, Qvatemala, Kolumbiya kimi ölkələr də daxil olmaqla, ümumilikdə 17 ölkənin qanunverici orqanı və ABŞ-ın 24 ştatı tərəfindən qətliamı pisləyən sənədlərin qəbul edildiyi, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

Sonda Ermənistanın 30 il müddətində BMT TŞ-nin müvafiq qətnamələrinə əməl etməkdən boyun qaçırması, habelə davamlı olaraq destruktiv mövqedən çıxış etməsi səbəbindən danışıqlar prosesinin uğursuz olmasının 2020-ci ildə yenə də Ermənistanın növbəti hərbi təxribatı səbəbindən başlanmış 44 günlük müharibədə Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etməsi ilə nəticələndiyi vurğulanıb.

Onu da deyək ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı həmçinin Perunun nüfuzlu La Republica gündəlik qəzetində “Azərbaycan xalqına qarşı ən böyük qətliam olan Xocalı soyqırımından 30 il ötür” başlıqlı məqalə, bu ölkənin rəsmi dövlət qəzeti və ən nüfuzlu mətbu orqanı olan El Peruanoda isə Azərbaycanın səfiri Məmməd Talıbovun Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məqaləsi dərc olunub.

Mission News Theme by Compete Themes.