Press "Enter" to skip to content

Ukraynanı bir qurbanlıq kimi Rusiyanın önünə atan ABŞ oldu

Dr. Yücel Karauz

Son yeniləmə: 26 Fevral 2022 17:16

Yücel Karauz: Hesab edirəm ki, ABŞ və Rusiya dünyanı öz aralarında bölməklə bağlı razılığa gəliblər

Bayraqdar.info – “Əslində, sualı belə qoymaq daha doğru olardı ki, ABŞ nə üçün Ukraynanı qurban etdi? Yəni son Ukrayna olayında hərəkətsiz davranan, daha dəqiq desək, Ukraynanı bir qurbanlıq kimi Rusiyanın önünə atan ABŞ oldu”.

Bunu bayraqdar.info-nun sualını cavablandıran Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Onun sözlərinə görə, ABŞ 1991-ci ildə SSRİ dağılandan sonra təkqütblü dünyaya öyrəndi: “Bildiyiniz kimi 1991-ci ildə SSRİ-nin dağılması ilə 1945-ci ildə formalaşan ikiqütblü dünya təkqütblü dünyaya çevrildi. Bu vəziyyət bu günə qədər davam etdi. Bu gün isə dəngələr”.

Qeyd edilib ki, əslində Qərbin, ABŞ-ın qurban verdiyi ilk ölkə Ukrayna deyil: “Birləşmiş Ştatlar 2008-ci ildə Gürcüstanı, bir müddət öncə isə Əfqanıstanı qurban verib. ABŞ bunu niyə edir, desək bir məqamı xüsusi olaraq vurğulamalıyıq. ABŞ NATO-nun böyük bir yükünü özü çəkir. Məsələ burasındadır ki, NATO üzvü olan ölkələr büdcələrinin 2 faizini NATO-ya ayırmalıdırlar. Lakin iki-üç ölkəni çıxmaq şərti ilə digər üzvlər bu tələbə əməl etmir. Bu məqamda E.Makronun “NATO-nun beyin ölümü reallaşdı” sözlərini də xatırlatmaq yerinə düşər. Dolayısı ilə ABŞ üçün əsas məsələ öz ərazisindən kənarda Rusiyanı mümkün olduğu qədər mühasirəyə almaq, öz daxilində dağınıq olan Avropanı Rusiya ilə qorxutmaq və Avropada, həmçinin NATO-da təkrar öz hökmranlığını təmin etməkdir. Ukraynada son yaşanalar fonunda ABŞ öz məqsədinə çatdı. Yəni ABŞ artıq Rusiya xofundan istifadə edərək Avropada və NATO-da yenidən hökmranlığını sürdürəcək. Öz istəklərini diqtə edəcək”.

Y.Karauz deyib ki, əslində burada əsas məsələ Ukrayna deyil: “Mən bu problemin ilk dövründə demişdim ki, burada söhbət Ukraynadan getmir. Yəni, Ukrayna bir bəhanə, belə deyək, ümumi məqsədə çatmaq yolunda bir istinad yeridir. Qərbin, ABŞ-ın əsas məqsədi addım-addım Qara Dənizdə təsir dairəsini təmin etməkdir. Daha da dəqiqləşdirsək, mən hesab edirəm ki, ABŞ və Rusiya dünyanı yenidən öz aralarında bölməklə bağlı razılığa gəliblər. Ukraynada baş verən son olaylardan sonra isə bu qənaətim daha da qətiləşdi”.

“Bir daha hər kəsə aydın oldu ki, ABŞ-ı nə demokratiya, nə Ukrayna, nə də orada həlak olan günahsız insanlar maraqlandırır. ABŞ-ı maraqlandıran tək bir şey var. Dünyanın öz maraqlarına uyğun yenidən dizayn edilməsi, ölkələrin Amerikanın maraqlarına xidmət etməsidir. Bir sözlə, bu oyunları görmək lazımdır. Ukrayna olayları bir dərs olmalıdır. Hər bir ölkə bilməlidir ki, Qərbə, yaxud Rusiyaya arxayın olub addım atmaq uğur gətirmir. Ona görə də xarici güclərin maraqlarına deyil, özünün milli maraqlarına xidmət edən siyasət həyata keçirməlidirlər. Əks halda digər ölkələr də Ukraynanın taleyini yaşaya bilərlər”, – deyə, müsahibimiz sonda əlavə etdi.

Mission News Theme by Compete Themes.