Son yeniləmə: 25 Fevral 2022 11:30
Bayraqdar.info – “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir”.
Bu fikirlər Xarici İşlər Nazirliyinin Ukraynada yaranmış vəziyyətlə əlaqədar, Azərbaycan vətəndaşlarına müraciətində öz əksini tapıb.
XİN-dən bayraqdar.info-ya fevralın 25-də verilən məlumaat görə, müraciətdə daha sonra deyilir: “Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir.
Bu xüsusda bildiririk ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər”.
Qeyd edilir ki, Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVİD-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək: “Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və chisinau@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcəkdir”.