Son yeniləmə: 25 Fevral 2022 00:17
ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib
Bayraqdar.info – Fevralın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şuranın xüsusi iclası keçirilib. İclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov video formatda iştirak edib.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, xüsusi iclasda çıxış edən A.Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.
Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.
Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.
Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib.